Erməni diasporu buna görə ukraynalı jurnalisti təhdid edir - VİDEO
26.04.2023
"Beynəlxalq jurnalistlərin Qarabağa gedib nəyin baş verdiyini görmək imkanları oldu. Artıq Azərbaycanın səsi dünyada eşidilir”.
"DM” xəbər verir ki, bu fikirləri Ukraynanın UNIAN İnformasiya Agentliyinin direktoru Mixail Qannitski "Haber Global”a müsahibəsində deyib.
O xatırladıb ki, ermənilər Qarabağda hər şeyi, o cümlədən şəhərləri tamamilə dağıdıblar:
"Ərazilər minalanıb. Gəzmək belə, təhlükəlidir. Eyni zamanda ərazidə ümidi də gördük. Belə ki, hökumət yeni yollar çəkir. İnsanların Qarabağa geri qayıtmaları üçün yeni evlər inşa edilir”.
Jurnalist Qarabağla Ukraynanı müqayisə edib:
"Baxmut kimi şəhərlər tamamilə yox edilib. Baxmut müharibənin qaynar nöqtəsi olaraq qalır. Ruslar oradakı hər şeyi məhv etməyə çalışırlar. Eynisini Qarabağda da gördük. Erməni işğalçılar rusların dəstəyi ilə bunu elədilər. İki müharibə bir-birinə bənzəyir. Yüzlərlə mülki şəxsin öldürüldüyü Ağdamda faciənin izlərini gördük”.
M.Qannitski bildirib ki, Azərbaycanın Qarabağda həyata keçirdiyi yenidənqurma işləri Ukrayna üçün modeldir:
"Azərbaycanın təcrübələrindən öyrənməliyik. Bu təcrübə bizimlə bölüşülməlidir. Çünki Azərbaycan bunu çox yaxşı şəkildə həyata keçirdi. Nəticələri indidən görə bilirik. Qarabağ və Ukraynadakı işğalın oxşar tərəfləri kimi, fərqli yanları da var. Dünya 30 il ərzində Azərbaycanın haqlı səsini eşitmədi və erməni işğalı ilə bağlı "sinifdə qaldı”. Bu məsələdə erməni diasporunun da rolu var”.
UNIAN-ın direktoru vurğulayıb ki, 30 il əvvəl müharibənin görüntülərini dünyanın dörd tərəfində yaymaq mümkün deyildi:
"30 il əvvəl pis adamların pis işlər görməsi və bunun üstünü örtmələri mümkün idi. Bütün sənədləri yox edib dünyaya yalan danışırdılar. Hücumlarını gizlədə bilirdilər. Ermənilərin dünyanın dörd bir tərəfində böyük diasporu var. Ona görə də təsir gücünə sahibdirlər, öz fikirlərini yaya bilirlər, hətta lazım olanda yalanlarını da yaya bilirlər. Ruslar da bunu bizə eləmək istəyirlər”.
Jurnalist söyləyib ki, Qarabağ və Ukraynada baş verənləri müqayisə etdiyi məqaləsi erməni diasporunu narahat edib:
"Ukrayna Ombudsmanı məqalə haqqında araşdırmalara başlandığını açıqlayıb. Amma mənə Ukrayna polisindən bildiriş gəlməyib. Fikrimcə, erməni diasporu ombudsmana təzyiq göstərib. Ombudsman da mənə hansısa məlumat vermədən belə bir addım atıb. Əgər polis, həqiqətən, nəyisə araşdırırsa, kömək etməyə hazırıq. Əgər polis mənə müraciət edərsə, əlimdəki bütün informasiyaları bölüşməyə hazıram”.
M.Qannitski xatırladıb ki, Azərbaycan Rusiya ilə müharibədə Ukraynanın müttəfiqidir:
"Ermənistan isə Rusiyanın müttəfiqidir. Ermənistan sanksiyalardan xilas olması üçün Rusiyaya yardım edir. Bunu bilirik”.