Gəncədəki yanğında xəstə boğularaq ölüb - YENİLƏNİB
26.04.2023
Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın binanın zirzəmisində yerləşən elektrik şkafında baş verib.
"DM"-nın əldə etdiyi məlumata görə, zirzəmidə 9 kvadratmetr ərazi yanıb.
Yanğın zamanı əmələ gələn tüstü havalandırma borusundan binanın digər mərtəbələrinə daxil olub.
Hadisə zamanı xəstəxananın reanimasiya şöbəsində yatan və ürək çatışmazlığından əziyyət çəkən xəstə tüstüdən boğulub.
Onun şəxsiyyəti dəqiqləşdirilir.
10:20
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Əlavə məlumat veriləcək.
***
10.12
Gəncədə yanğın hadisəsi baş verib.
"DM"-nın məlumatına görə, hadisə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında baş verib. Xəstəxanada anidən yanğın başlayıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Xəstəxanada olan xəstələr təxliyə olunur.