Milli Muğam Müsabiqəsi başlayıb - FOTO
24.04.2023
Heydər Əliyev Fondunun təşəbbüsü ilə aprelin 24-dən növbəti Milli Muğam Müsabiqəsi başlayıb. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqənin 1-ci turu aprelin 24-25-i, 2-ci turu isə aprelin 26-da keçiriləcək. Aprelin 30-da isə müsabiqənin yekun konserti olacaq.
Qeyd edək ki, Milli Muğam Müsabiqəsinə qeydiyyat aprelin 10-dək aparılıb. Musiqi yarışmasında yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar müraciət edə bilərdi. Qeydiyyat zamanı hər iştirakçı muğam ənənəsinin zənginliyi və rəngarəngliyini əks etdirən solo və müşayiətlə canlı ifa edəcəyi proqram barədə məlumat təqdim etməli idi.
Müraciət etmiş şəxslərin ilkin seçim turlarından sonra müsabiqəyə 38 nəfər vəsiqə qazanıb. Qeyd edək ki, Milli Muğam Müsabiqəsi xanəndə və instumental ifaçılıq kateqoriyaları üzrə keçirilir. 38 iştirakçıdan 20-si xanəndəlik, 18-i isə instrumental ifaçılıq üzrə yarışacaq. 24-25 aprel tarixlərindəki birinci turdan sonra seçilən şəxslər ikinci tura keçəcək. İkinci tur isə 26 aprel tarixində keçiriləcək və daha sonra qaliblər müəyyən ediləcək.
İnstrumental ifaçılıq üzrə münsiflər heyətinin üzvləri:
Münsiflər Heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Azərbaycan Respublikasının Xalq artisti Siyavuş Kərimi;
Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Dadaşov;
Azərbaycan Respublikasının Xalq artisti Möhlət Müslümov;
Azərbaycan Respublikasının Əməkdar artisti Şirzad Fətəliyev;
Azərbaycan Respublikasının Əməkdar artisti Çinarə Heydərova.
Xanəndələr üzrə münsiflər heyətinin üzvləri:
Münsiflər Heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Azərbaycan Respublikasının Xalq artisti Siyavuş Kərimi;
Azərbaycan Respublikasının Xalq artisti Səkinə İsmayılova;
Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov;
Azərbaycan Respublikasının Xalq artisti Zabit Nəbizadə;
Azərbaycan Respublikasının Əməkdar artisti Qəzənfər Abbasov.
Aprelin 26-da xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər seçiləcək. Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq.
Milli Muğam Müsabiqəsinin qalibləri-xanəndə və instrumental ifa üzrə birinci yeri tutan iştirakçılar ölkəmizi "Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.
Son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində fundamental işlər görülüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.