MN-də mənimsəməyə görə tutulanların həbs müddəti uzadılıb
20.04.2023
Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, keçmiş zabitlər – nazirliyin Maliyyə idarəsinin şöbə rəisi Rafael Xələfov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmət rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov və Maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Azərbaycan ordusunun Təlim-Tədris Mərkəzinin Maliyyə xidməti rəisi Rəşad Məlikzadə barəsində cari həbsdə saxlama müddəti başa çatıb.
APA-nın əldə etdiyi xəbərə görə, cinayət işləri ilə bağlı ibtidai istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar həbs müddətlərinin uzadılması üçün DTX İstintaq Baş idarəsi məhkəməyə vəsatət göndərib və Bakı Hərbi Məhkəməsi vəsatəti əsaslı hesab edib.
Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iri həcmli iş üzrə daha 6 ay uzadılıb.
Xatırladaq ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.