Prezident İlham Əliyev iki Sərəncam imzalayıb
20.04.2023
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan rayonunun Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi magistralını Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və Alçalı kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bu barədə President.az xəbər verir.
Sərəncama əsasən, Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi magistralını 16 min nəfər əhalinin yaşadığı Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və Alçalı kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.
İqtisadiyyat Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yollarının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.
****
Azərbaycan Prezidenti İlham Əliyev Neftçala rayonunun Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Bu barədə President.az məlumat yayıb.
Sərəncama əsasən, on beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,0 (yeddi) milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutulmaq tapşırılıb.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.