İsrail şirkəti Azərbaycan əsgəri haqqında film çəkəcək
20.04.2023
"İsrailin "Keshet International” şirkəti 2-ci Qarabağ müharibəsində ağır yaralanmış Azərbaycan əsgəri haqqında film çəkməyi planlaşdırır”.
Bu barədə "Trend”ə şirkətin nümayəndəsi və "Yentas in the City” podkastının rəhbəri Ester Eti El-Kis Mizrahi deyib.
Onun sözlərinə görə, film İsraildən səkkiz nəfər cərrahın görmə qabiliyyətini itirmiş əsgərin gözünə buynuz qişa köçürmək üçün necə Azərbaycana gəldiyinə əsaslanacaq. Süjetə görə, buynuz qişa İsraildə bir ailə tərəfindən bağışlanır.
Şirkət nümayəndəsi, həmçinin gələcəkdə növbəti nümayəndə heyətlərinin tərkibində Azərbaycana səfər etmək istədiyini bildirib.
O, həmçinin əlavə edib ki, dünya birliyinin Azərbaycanın gözəlliyini görməsi çox vacibdir.
Qeyd edək ki, aprelin 19-da ABŞ və İsrail nümayəndələrindən ibarət heyətlərin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.
Səfərin təşkil olunmasının əsas məqsədi Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumatların, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə, o cümlədən İsrail və ABŞ ictimaiyyətinə çatdırılmasıdır.