Cənubi Koreya Ukraynaya hərbi yardım edə bilər
19.04.2023
Cənubi Koreya Ukraynaya hərbi yardım edə bilər.
"DM" xəbər verir ki, bu barədə Cənubi Koreyanın Prezidenti Yun Suk Yeol ABŞ-a səfəri ərəfəsində "Reuters"ə verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, Ukraynada mülki əhali genişmiqyaslı hücuma məruz qalarsa, Seul Ukraynaya hərbi yardım edə bilər.
Yun əlavə edib ki, onun hökuməti 1950-1953-cü illər Koreya Müharibəsi zamanı Cənubi Koreyanın beynəlxalq yardım qəbul etdiyi kimi, Ukraynanın müdafiəsi və yenidən qurması üçün yardım göstərilməsinin yollarını axtarır:
"Əgər mülki şəxslərə genişmiqyaslı hücum, qırğın və ya müharibə qanunlarının ciddi pozulması kimi beynəlxalq ictimaiyyətin qəbul edə bilməyəcəyi vəziyyət yaranarsa, bizim üçün sadəcə humanitar və maliyyə yardımı ilə kifayətlənmək çətin olacaq”.
"Reuters"in məlumatında qeyd edilib ki, Prezident Yunun açıqlaması Seulun Ukraynaya hərbi yardım göstərilməsinə dair ilk təklifidir və ötən bir ildən çox müddətdə Cənubi Koreya Ukraynaya ölümcül silah tədarükünü istisna edib.