Ərdoğan uşaq hüquqları ilə bağlı sirkulyar imzalayıb
18.04.2023
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə uşaqların hər zaman gələcəyin təminatı kimi görüldüyünü və onlara firavan gələcək təqdim etməyə xüsusi önəm verildiyini vurğulayıb.
Bu barədə "Resmi Gazete”də dərc edilən sirkulyarda qeyd olunur.
Qanunvericilikdə və siyasi sənədlərində uşaqların tərbiyəsi, təhsili, sağlamlığı və ailənin qorunması kimi mövzulara xüsusi önəm verildiyini bildirən Ərdoğan qeyd edib:
"Uşaqların müdafiəsi sahəsində ehtiyacların müəyyən edilməsi, müdaxilələrin planlaşdırılması, həyata keçirilməsi və monitorinqi kimi bütün mərhələlərdə aparılan inteqrativ tədqiqatlar bugünkü şəraitə uyğun effektiv və uyğun xidmətlərin inkişafı üçün əsas təşkil edir”.
Uşaqlara qarşı qoruyucu müdaxilələrin planlaşdırılması ilə uşaqların sağlam inkişafına dəstək tədbirlərinin həyata keçirilməsi üçün maraqlı tərəflərin əməkdaşlığının vacib olduğunu vurğulayan Ərdoğan deyib:
"Bu baxımdan Türkiyədə uşaq hüquqları sahəsində aparılacaq işlərə istiqamət vermək üçün Ailə və Sosial Xidmətlər Nazirliyinin koordinasiyası ilə Türkiyənin Uşaq Hüquqları Strategiya Sənədi və Fəaliyyət Planı (2023-2028) hazırlanıb”.