"Togg" gələn ildən Avropa bazarlarında satışa çıxarılacaq
17.04.2023
Türkiyənin "Togg” avtomobili gələn ildən Avropa bazarına çıxarılacaq.
"DM” "Milliyet”ə istinadən xəbər verir ki, elektromobilin 2024-cü ildən dünyanın müxtəlif ölkələrində, zamanla da Avropanın bütün dövlətlərində satışı planlanlaşdırılır.
Bildirilib ki, "Togg”un satışı avtomobilin istehsal həcminin artırılması ilə paralel şəkildə davam edəcək.
Qeyd edək ki, "Togg" Türkiyənin ilk yerli elektromobilidir. Onun istehsalına başlanılmasının anonsunu ilk dəfə 2017-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib. Bundan bir il sonra qonşu ölkənin 5 aparıcı şirkəti - "Anadolu Group" (19 %), BMC (19 %), "Root Group" (19 %), "Türkcell" (19 %), "Zorlu Holding" (19 %) and TOBB (% 5) bir araya gələrək elektromobilin istehsalına başlamaq üçün birgə müəssisə yaradıb. İki ildən sonra isə Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda dəyəri 22 milyard lirə və yaxud 1 milyard ABŞ dollarından çox olan zavodun inşasına başlanılıb. Tikintisində 9 700 nəfərin iştirak etdiyi müəssisə 2022-ci ildə istismara verilib və ötən il oktyabrın 29-dan burada "Togg"un kütləvi istehsalına başlanılıb.
Müəssisədə ilkin olaraq ildə 175 000 ədəd elektromobilin istehsalı nəzərdə tutulub. Bu isə 4 300 nəfərin işlə təmin olunması deməkdir. 2030-cu ilə qədər isə illik istehsal gücü 1 milyon ədədi keçəcək.
Artıq "Togg”un satışına start verilib. Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın sözlərinə görə, vətəndaşların 95 %-i yerli elektromobili bəyənir. C sinifli SUV tipli elektromobil eyni sinifdəki daxili yanma mühərrikli avtomobillərlə rəqabət aparacaq.
Bu il martın əvvəlindən "Togg”un T10X modeli üçün ilkin sifariş prosesinə başlanılıb. İlk saatlardan model üçün 22 150 sifariş qəbul olunub.