Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində altı medal əldə ediblər
17.04.2023
Polşanın Poznan şəhərində keçirilmiş gənclər arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları ümumilikdə bir gümüş və beş bürünc medala sahib olublar.
Azərbaycan Cüdo Federasiyasının yaydığı məlumata görə, turnirin ilk günü beş çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Oğlanların yarışında -66 kq çəkidə Aydın Rzayev bürünc medal əldə edib. -73 kq çəkidə Qadir Hüseynov gümüş medal, Süleyman Əliyev bürünc medal qazanıb. -60 kq çəkidə Nizami İmranov və -66 kq çəkidə Nicat Nağıyev yarışı beşinci yerdə başa vurub.
Qızların yarışında -78 kq çəkidə Nərmin Əmirli bürünc medala sahib olub. +78 kq çəkidə Nigar Süleymanova isə yarışı yeddinci yerdə tamamlayıb.
Yarışın ikinci günündə oğlanların mübarizəsində -90 kq çəkidə İsmayıl Zamanov və +100 kq-da Kənan Nəsibov bürünc medal qazanıblar. -81 kq çəkidə Ömər Rəcəbli və -90 kq-da Əjdər Bağırov yarışı beşinci yerdə tamamlayıblar. Qızların mübarizəsində isə -48 kq-da Leyla Dəmirova yarışı beşinci yerdə başa vurub.