Türkiyədə dəhşətli zəlzələdə həyatını itirənlərin sayı yenilənib
14.04.2023
Türkiyənin daxili işlər naziri Süleyman Soylu mərkəzi Kahramanmaraş olan dəhşətli zəlzələlərdə həlak olanların son sayını açıqlayıb.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 50 500 nəfərdir.
"57 029 binadan 40 969-nun dağıntıları təmizlənib. Vəfat edən vətəndaşların yaxınlarına təzminat ödənilib. Bu, varislik hüququ formasında həyata keçirilib.
66 000 konteyner ev quraşdırılıb, çox yaxın zamanda onların sayı 100 000-ə çatacaq”, - deyə o bildirib.
Xatırladaq ki, ötən ay Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsinin (AFAD) sədri Yunus Sezer zəlzələlərdə həlak olanların sayının 50 096-ya çatığını qeyd edib.
Mənbə: Haber Global