21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İnkişafın çətin və şərəfli yollarında - Bəxtiyar ƏZİZLİ + FOTOLAR

13.11.2018

"Metro bizim müstəqil dövlətimizə keçmişdən çatmış mirasdır. Biz bunu qorumalıyıq, inkişaf etdirməliyik. Bu, bizim hamımızın vəzifəsidir"

Heydər ƏLİYEV

Yaxın Şərqdə ilk, keçmiş SSRİ məkanında 5-ci olan Bakı Metropoliteninin istifadəyə verilməsinin 51 ili tamam olur. Artıq paytaxtımızın yeraltı yolları tarixinin yarım əsrini geridə qoyub və ikinci yarıməsrinə adlayıb. Bakıda metronun tikintisində, istismarında böyük xidmətləri olan ulu öndər Heydər Əliyevin xalqın milli sərvəti adlandırdığı bu mühüm nəqliyyat sahəsini qorumaq, genişləndirmək, xalqımızın rahatlığı naminə ondan daim səmərəli istifadə etmək barədə tövsiyələri metropolitençilər üçün həmişə şərəfli vəzifə olub.
Bakıda metronun tikintisi çox böyük əziyyətlər hesabına başa gəlib. Ümummilli lider şəxsən özünün təşəbbüsü və göstərişi ilə 2002-ci il noyabrın 6-da keçirilmiş Bakı Metropoliteninin 35 illik yubileyində həmin çətinlikləri xatırladaraq demişdir: "Bu yubiley günü bir daha demək istəyirəm ki, metronun tikilməsi və bu səviyyəyə gətirilməsi çox çətin iş idi. İnşaatçılar böyük fədakarlıq göstərməsəydilər, metronu bu cür tikmək mümkün deyildi”.
Həmin dövrdə, eləcə də sonradan SSRİ hökumətində yüksək vəzifədə çalışdığı illərdə Bakı metrosunun tikintisi Heydər Əliyevin daim nəzarəti altında olub və onun qayğısı nəticəsində yeraltı xətləri inkişaf etdirmək, şaxələndirmək imkanı yaranıb. Bakı Metropoliteninin yarım əsrlik tarixinin şanlı səhifələrinin çoxu ulu öndərin adı ilə bağlıdır. 1970-ci ilin aprelində "Ulduz”, 1972-ci ilin noyabrında "Əzizbəyov”, "Qara Qarayev” və "Neftçilər”, 1976-cı ildə "Nizami”, 1979-cu ildə "Bakmil”, 1985-ci ilin sonunda "Elmlər Akademiyası”, "İnşaatçılar”, "20 Yanvar” və "Memar Əcəmi” stansiyaları bilavasitə ulu öndərin rəhbərliyi ilə istifadəyə verilib. Bu siyahıya 1989-cu ildə istifadəyə verilən "Xalqlar dostluğu” və "Əhmədli”, 1993-cü ildə "Cəfər Cabbarlı” keçid stansiyası, 2003-cü ildə məhz ulu öndərin böyük nüfuzu sayəsində Avropa İttifaqının ayırdığı maliyyə yardımı hesabına inşası tamamlanaraq ilk sərnişinlərini qəbul edən "Həzi Aslanov”u daxil etmək lazımdır. Hazırda 36,6 km-ə bərabər olan yeraltı xətlərin 22,3 kilometri ulu öndərin rəhbərliyi altında tikilib.
Bu gün ulu öndərin Bakı Metropoliteni barədə fikirlərini, onun inkişafı üzrə müəyyən etdiyi strateji xətti möhtərəm Prezident İlham Əliyev uğurla davam etdirir. Hazırda metronun davamlı fəaliyyətinin təmin edilməsi, yeraltı xətlərin inkişafı üçün müvafiq dövlət proqramı icra olunmaqdadır. Bu proqrama əsasən hazırlanan və dövlət başçısı tərəfindən təsdiq edilən "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi” yeni xətlərin tikintisində və istismarda olan sahələrin daha da təkmilləşdirilməsində böyük quruculuq işlərinin əsasını qoydu. Konseptual inkişaf sxeminə uyğun olaraq Bakı metrosunda 84 kilometr yolun, 51 yeni stansiyanın tikintisi nəzərdə tutulurdu və onlardan ikisi - 2016-cı il aprelin 16-da müstəqillik illərinin ilk xətti - bənövşəyi xəttin "Avtovağzal” və "Memar Əcəmi” stansiyalarıdır. Onların davamı kimi layihədə adı "B-3” kimi qeyd edilən stansiyada bu günlər avadanlıqlar quraşdırılır, divar və döşəmələrə üzlüklər vurulur, yolun çəkilişi davam edir. Stansiyanın gələn ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılır.
Prezident İlham Əliyevin metro inşaatı sahəsində qarşıya qoyduğu ən mühüm tapşırıqlardan biri metro tikintisində ən müasir texnologiyaların tətbiqidir. Hələ 2011-ci ilin iyun ayında Prezident İlham Əliyev metropolitenin "Dərnəgül” stansiyasının açılışında demişdir: "Metro tikintisi çox çətin məsələdir, çox böyük texniki imkanlar, peşəkarlıq və maliyyə resursları tələb edir. Biz isə bu işi görməklə şəhər sakinlərinin rahatlığını təmin etmək istəyirik”. Yeni inkişaf dövründə - 2008-2011-ci illərdə şimal sahəsinin "Nəsimi”, "Azadlıq prospekti” və "Dərnəgül” stansiyaları, "28 May” və "Elmlər Akademiyası” stansiyalarının ikinci çıxışları istifadəyə verilib. Ötən dövrdə "İçərişəhər”, "28 May”, "Koroğlu”, "Sahil” stansiyaları əsaslı şəkildə yenidən qurulub, ən müasir eskalatorlarla təmin edilib. Metropolitenin idarəetmə sistemlərinin mərkəzləşdirildiyi 9 mərtəbəli texniki korpusun yarımçıq qalmış işləri davam etdirilib.
Bütün bunlar yeni dövrün tələbləri dövründə daha çevik, səmərəli və qarşıya qoyulmuş vəzifələrin icrası baxımından fərqli və müasir baxış gətirilməsini tələb edirdi. Bu zərurətdən Bakı Metropoliteninin inkişafında ən əlamətdar hadisələrdən biri 2014-cü ilin 27 fevralında Azərbaycan Prezidenti İlham Əliyevin yeraltı yollarımızın sonrakı inkişafı üçün tarixi əhəmiyyət daşıyan sərəncamı imzalaması oldu. Bu sərəncama görə, Bakı Metropoliteni və "Azərtunelmetrotikinti” Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Hadisələrin sonrakı gedişi göstərdi ki, dövlət başçısının bu qərarı Bakı metrosunun tarixində yeni bir dövrün başlanğıcını qoydu.
Yeni rəhbərlik Azərbaycan Prezidentinin Bakı Metropoliteninin inkişafı barədə proqram xarakterli tapşırıqlarını yerinə yetirmək üçün diqqəti, ilk növbədə, ən vacib olan məsələlərə yönəltdi. Həm də tamam başqa bir yanaşma tərzi, yenilik ruhu ilə. Bütün bunların köklü şəkildə həlli üçün müəssisə daxilində böyük struktur dəyişiklikləri aparıldı və onlar müasir standartlar səviyyəsinə çatdırıldı. Bu isə qarşıya qoyulan vəzifələrin sürətlə həll edilməsində əhəmiyyətli rol oynadı.
Bunu "Bakı Metropoliteni” QSC-nin 5 ilə yaxın ötən fəaliyyət dövründə həyata keçirilən irimiqyaslı layihələri əyani nümayiş etdirir.
Yeniləşmə dövrünün ən mühüm məsələlərindən biri vaqon parkı ilə bağlıdır. 2015-ci ildən başlayaraq alınan bütün vaqonlar ən müasir texnologiyalarla təchiz olunur. İnnovasiyalar baxımından mövcud ən yüksək 4-cü nəslə aid olan bu vaqonlar sərnişin rahatlığı baxımından mikroiqlim şəraiti, informasiya texnologiyaları, hermetikliyi baxımından ən yüksək tələblər səviyyəsindədir. Rusiyanın maşınqayırma sənayesinin lideri "Transmaşholdinq” Səhmdar Cəmiyyətindən 81-760 və 81-765 seriyalı vaqonlardan ibarət 5 qatar Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı və xeyir-duası ilə xəttə buraxılıb və daşıma prosesində iştirak edir.
İnamla deyə bilərik ki, "Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra metropolitenin siması olan stansiyalar tamamilə görkəmini dəyişib. İlk növbədə yeraltı sarayların görkəmini eybəcərləşdirən, sərnişin axınının hərəkətinə mane olan ticarət köşklərini ləğv etmək lazım gəldi. 2015-ci ildə Bakıda I Avropa Oyunlarına hazırlıq ərəfəsində "Nəriman Nərimanov”, "Gənclik”, "İnşaatçılar” stansiyalarının piyada keçidləri təmir edildi. "Qara Qarayev”, "Neftçilər”, "Xalqlar dostluğu” stansiyalarının keçidlərinə, xüsusi zərurət olduğu hallarda vestibüllərinə yeni görkəm verildi. Təmir işləri "Nizami” stansiyasının hər iki yolu və orta zalında aparıldı. Orta zalın əsas memarlıq zinəti olan Nizami "Xəmsə”sindən süjetlər mövzusunda işlənmiş mozaik pannolar bərpa prosesindən sonra daha parlaq şəkil aldı və onların gələcəkdə yeraltı mühitin zərərli təsirlərindən qorunması üçün inşaat-texniki tədbirlər yerinə yetirildi. "Elmlər Akademiyası” stansiyasının normal fəaliyyətinin təmin edilməsində əhəmiyyətli rol oynayan ikinci çıxışın istifadəyə verilməsindən sonra stansiyanın birinci vestibülündə, ardınca "İnşaatçılar”, "20 Yanvar” stansiyalarında müddəti başa çatmış eskalatorlar Almaniyanın "ThyssenKrupp” şirkətinin istehsalı olan avadanlıqlarla əvəz edildi.
Stansiyaların yenidən qurulması, eləcə də eskalatorların planlı şəkildə dəyişdirilməsi üzrə işlər bu gün də davam etməkdədir. Təmir işləri hazırda "Bakmil”, "Xətai” stansiyasının ikinci yolunda, yuxarı vestibülündə aparılır. Orada 50 ildir istismar müddəti başa çatmış eskalatorlar sökülüb. Üç əvvəlki eskalatorların yerində dörd yenisi quraşdırılacaq.
Bu işlərlə eyni vaxtda "Nərimanov” elektrik deposunun ərazisində böyük tikinti və yenidənqurma işləri aparıldı. Ərazidəki köhnə, təyinatına müvafiq olmayan tikililərin yerində profilinə daha münasib, əməyin məhsuldarlığını və görülən işin keyfiyyətini yüksəldən ən müasir avadanlıqlarla təchiz edilmiş istehsalat sahələri yaradıldı. Mərkəzi anbar və ayrı-ayrı xidmətlərə məxsus kiçik anbarlar sökülərək, bu təsərrüfat sahəsi yeni tikilən ümumi bir anbarda birləşdirildi. Deponun ərazisində kanalizasiya sisteminin ana xətti və yararsız qolları yeniləndi, yağış-sel sularının axarı çirkab sulardan ayrıldı. Depo ərazisindəki iki elektrik yarımstansiyası üçün tikilən yeni binalardan biri keçən il istismara verilib, elektrik təchizatının ən optimal səviyyədə təmin edilməsi prosesini tamamlayacaq ikinci belə yarımstansiyada tamamlama işləri aparılır. Depo yollarında hərəkətin təşkilinin və manevr işlərinin daha təhlükəsiz və operativ şəkildə aparılmasını təmin edəcək və hərəkətin təşkilində ən mühüm rollardan birini oynayan yeni mərkəzləşmə məntəqəsinin tikintisi bu yaxınlarda başa çatıb və ən son texnologiyaların avadanlıqları quraşdırılır.
Deponun təmir sexlərində istehsalat sahələrinin yenidən qurulması, vaqonların təmiri üzrə maddi-texniki bazanın möhkəmləndirilməsi, vaqon parkının yeniləşdirilməsi işin keyfiyyətinə əsaslı şəkildə təsir etdi ki, bu da qatarların xətdə davamlı işi, nasazlığa görə vaxtından əvvəl depoya göndərilən qatar sayının nəzərəçarpacaq dərəcədə azalması ilə təsdiqini tapdı.
Əlbəttə, hazırda istismar olunan vaqonların da sağlam vəziyyətdə olması vacib məsələlərdəndir. Dövrün səmərə, keyfiyyət və istismar tələbləri nəzərə alınaraq metropolitenin tarixində ilk dəfə vaqonların yerli şəraitdə təmiri üçün zəmin yaradıldı. Əvvəllər ölkədən kənarda yerinə yetirilən bu işin müəssisə daxilində icrası üçün xüsusi sahə - vaqonların əsaslı təmir sexi yaradıldı. Burada artıq yerli mütəxəssislərin çalışdığı sexdən əsaslı təmir edilərək modernləşdirilmiş iki qatar xəttə yola salınıb.

Bəxtiyar ƏZİZLİ,

"Azərbaycan”