Prezidentin səfəri Bosniya və Herseqovina ilə əlaqələrin inkişafında yeni səhifə açacaq
13.04.2023
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 13-də Bosniya və Herseqovinaya rəsmi səfəri başlayıb. Bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq.
AZƏRTAC sürətlə inkişaf edən Azərbaycan – Bosniya və Herseqovina münasibətlərinin tarixinə qısa nəzər salır.
Beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq coğrafiyasını sürətlə və uğurla genişləndirən Azərbaycanın xarici siyasətində Balkan ölkələri ilə münasibətlər mühüm yer tutur. Bu ölkələr Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində irimiqyaslı layihələr həyata keçirən Azərbaycanın enerji ixracı şəbəkəsinin əsas halqalarını təşkil edir. 2022-ci il oktyabrın 1-də istifadəyə verilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru, Serbiyanı ümumi sistemlə birləşdirəcək və hazırda üzərində iş aparılan interkonnektor, eləcə də İonika-Adriatik dənizi layihəsi Azərbaycan qazını alan Balkan ölkələrinin əhatə dairəsini daha da genişləndirəcək. Bu layihələr Azərbaycanın region ölkələri ilə münasibətlərinin daha da inkişafında önəmli rol oynayır.
Azərbaycanın Balkan ölkələri ilə münasibətlərində Bosniya və Herseqovina ilə əlaqələr də mühüm yer tutur. Əhalisinin 51 faizini müsəlmanların təşkil etdiyi bu ölkə ilə münasibətlərin əsası hələ sovet dövründə qoyulub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci il oktyabrın 20-də Bakı və Sarayevo şəhərləri arasında dostluq və əməkdaşlıq sazişi imzalanıb, qardaşlaşmış şəhərlər münasibətləri qurulub.
Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. Həmin il fevralın 9-da Bosniya və Herseqovina Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. Azərbaycanın Sarayevo şəhərində diplomatik nümayəndəliyi 2011-ci il martın 1-də təsis olunub. Ötən il iyunun 14-də isə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb. Bosniya və Herseqovinanın Bakıda səfirliyinin açılması gözlənilir.
Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Bu ölkənin ali və yüksək vəzifəli şəxsləri ölkəmizə mütəmadi səfərlər ediblər. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç 2012-ci il oktyabrın 18-də ölkələrimiz arasındakı münasibətlərin tarixində ilk dəfə olaraq Azərbaycana rəsmi səfər edib. Olduqca zəngin proqramı olan həmin səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfələr verib. Prezident İlham Əliyev həmin səfərin əhəmiyyətini mətbuata bəyanatında məhz belə ifadə etmişdi: "Bu, bizim münasibətlərimizin tarixində ilk yüksək səviyyəli səfərdir. Əlaqələrimizin böyük potensialı, böyük gələcəyi vardır. Ümid edirəm ki, səfər ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olacaqdır. Həmçinin əməkdaşlığımızın tarixi kökləri vardır. Qırx il əvvəl Sarayevo ilə Bakı arasında saziş imzalandı və onlar qardaşlaşmış şəhərlər oldu. Düşünürəm ki, biz hazırda bu tarixi əlaqələri bərpa edirik. Əlbəttə ki, yeni mərhələdə - iki müstəqil dövlət səviyyəsində”.
Bosniya və Herseqovina Azərbaycanın təşəbbüsü ilə keçirilən mötəbər beynəlxalq tədbirlərdə daim ən yüksək səviyyədə təmsil olunub. Bosniya və Herseqovina IX Qlobal Bakı Forumunda, Cənub Qaz Dəhlizi Məşvərət Şurası toplantılarında və Azərbaycanın ev sahibliyi etdiyi digər tədbirlərdə ən yüksək səviyyədə təmsil olunub.
Yüksək səviyyəli sonuncu belə səfər bu ilin fevral-martında reallaşdırılıb. Belə ki, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç cari il 28 fevral-1 mart tarixində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində xanım Prezident martın 1-də Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb. Həmin görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi münasibətlərin çox yaxşı səviyyədə olduğu qeyd edilib, iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsinin, həmçinin biznes dairələri arasında birbaşa təmasların təşviqinin vacibliyi bildirilib. Bu xüsusda iqtisadiyyat, ticarət, investisiya, enerji və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğu vurğulanıb.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət edib və bu dəvət Azərbaycan Prezidenti tərəfindən qəbul edilib. Dövlətimizin başçısının Bosniya və Herseqovinaya bugünkü səfəri də məhz həmin dəvət əsasında həyata keçirilir.
Azərbaycan Prezident İlham Əliyevin rəsmi səfəri çərçivəsində Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri xanım Jelka Tsviyanoviç və üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə görüşü nəzərdə tutulur. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç tərəfindən "Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalanması nəzərdə tutulur. Bu sənəd ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini təmin edəcək. Bəyannamədə tərəflər dövlətlərimizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəklərini, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasının regionda davamlı sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasına xidmət edəcəyinə əminliklərini, həm ikitərəfli əsasda, həm də beynəlxalq arenada qarşılıqlı maraq doğuran sahələrdə ölkələrimiz arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirməklə münasibətlərin yüksəltməsinə yönəlmiş strateji tərəfdaşlıqlarını və bu strateji tərəfdaşlığın 4 əsas istiqamət – siyasi, iqtisadiyyat və ticarət, müdafiə və təhlükəsizlik, elm, təhsil və mədəniyyət üzrə həyata keçiriləcəyini bəyan edirlər. Bəyannamədə, həmçinin siyasi sahədə bu xüsusda ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuram qlobal və regional məsələlərin müzakirəsi məqsədilə xarici işlər nazirlərinin sədrlik edəcəkləri Strateji Dialoqun təsis edilməsi, iqtisadi sahədə iqtisadi əməkdaşlığı əlaqələndirmək və təşviq etmək məqsədilə Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovina Nazirlər Şurası arasında Birgə Komissiyanı yaratmaq niyyəti, sənaye, energetika, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, rabitə, informasiya texnologiyaları, turizm və ətraf mühit kimi prioritet sahələrdə əməkdaşlığın gücləndirilməsi və şaxələndirilməsi məsələləri əksini tapıb, Azərbaycandan təbii qazın tədarükü layihələrinin həyata keçirilməsinə dəstək ifadə olunur.
Xatırladaq ki, iki gün əvvəl – aprelin 11-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi sahədə çox yaxşı səviyyədə olduğu bildirilmiş əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunub və bu əlaqələrin genişləndirilməsi üçün önəmli addımların atıldığı vurğulanıb.
Eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, aprelin 12-də iqtisadiyyat naziri Mikayıl Cabbarov Bosniya və Herseqovinaya işçi səfər edib. O, Bosniya və Herseqovina Nazirlər Şurasının sədri xanım Boryana Krişto, xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraç, Bosniya və Herseqovina Federasiyasının Baş naziri Fadil Novaliç və digər yüksək vəzifəli rəsmilərlə görüşlər keçirib. Həmin görüşlərdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycan - Bosniya və Herseqovina münasibətlərində parlamentlərarası əlaqələr də mühüm yer tutur. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. 2020-cı ildən etibarən isə Bosniya və Herseqovinanın Parlament Assambleyasında fəaliyyət göstərən Şərqi və Mərkəzi Avropa üzrə parlamentlərarası dostluq qrupunun (Azərbaycan həmin qrupa daxildir) 11 üzvü var.
Ölkələrimiz arasındakı münasibətlərdən söz açarkən Bosniya və Herseqovinanın Vətən müharibəsində Azərbaycana fəal dəstəyini xüsusi vurğulamaq lazımdır. Vətən müharibəsi zamanı bu ölkənin ali və yüksək səviyyəli nümayəndələri Azərbaycana dəstək ifadə edən bəyanatlarla çıxış edərək, ölkəmizin haqlı mövqeyini dəstəkləyib.
Azərbaycanın Bosniya və Herseqovina ilə əlaqələrinin inkişafında Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Fondun təşəbbüsü və dəstəyi ilə bu ölkədə bir sıra layihələr reallaşdırılıb. Belə ki, 2013-cü il iyunun 8-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaqlar və gənclər üçün mərkəzin Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yenidənqurmadan sonra açılışı olub. Həmin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Bundan başqa, Heydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda park və körpü də salınıb, Xocalı və Serebrenitsa soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
Azərbaycan ilə Bosniya və Herseqovina arasında iqtisadi münasibətlər sürətlə inkişaf etsə də, mövcud göstəricilər bu sahədəki potensialı tam əks etdirmir. Belə ki, 2022-ci ildə Bosniya və Herseqovina Azərbaycanın 79-cu xarici ticarət tərəfdaşı olub. Həmin ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 5 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 2 milyon dollar, ixracın həcmi isə 3 milyon dolları təşkil edib. 2021-ci illə müqayisədə ötən il Bosniya və Herseqovina ilə ticarət dövriyyəsi üç dəfə artıb.
Azərbaycan müxtəlif vaxtlarda Bosniya və Herseqovinaya humanitar yardım etməklə etibarlı dostluq nümunəsi göstərib. Belə ki, 2014-cü ildə Bosniya və Herseqovinada baş vermiş təbii fəlakət nəticəsində sel daşqınlarından zərər çəkmiş insanlar üçün Azərbaycan tərəfindən 336 min ABŞ dolları dəyərində humanitar yardım göndərilib. Koronavirusla mübarizəyə dəstək məqsədilə Azərbaycandan Bosniya və Herseqovinaya 2020-ci ildə 244 min dollar dəyərində tibbi və gigiyenik məhsullardan ibarət humanitar yardım, 588 min dollar məbləğində humanitar məqsədli maliyyə yardımı edilib. Azərbaycan 2021-ci ildə Bosniya və Herseqovinaya 160 min dollar dəyərində 40 min doza "AstraZeneca” peyvəndi göndərib.
Dost ölkələrimizin münasibətlərində mədəni çalarları da xüsusi vurğulamaq lazımdır. Dahi Azərbaycan klassiklərinin, o cümlədən Nizami Gəncəvinin və Məhəmməd Füzulinin əsərlərinin əlyazmaları Sarayevo Milli Kitabxanası və Universitet Kitabxanasında, həmçinin Qazi Xosrov bəy kitabxanasında saxlanılır.
Bosniya və Herseqovinanın aparıcı turizm şirkətləri son vaxtlar Azərbaycana böyük maraq göstərirlər. Mədəniyyət və Turizm Nazirliyinin və Türk Hava Yollarının birgə təşkilatçılığı ilə bu ölkənin aparıcı turizm şirkətlərinin təmsilçilərindən ibarət geniş tərkibli nümayəndə heyətinin aprelin 15-dən 18-dək ölkəmizə səfəri nəzərdə tutulur. Səfər çərçivəsində Bakının və Abşeron yarımadasının tarixi-memarlıq irsi və turizm potensialı ilə tanışlıq olacaq, həm Azərbaycanın, həm də Bosniya və Herseqovinanın turizm imkanlarının təqdimatını nəzərdə tutan təlimlər, təqdimatlar və ikitərəfli görüşlər keçiriləcək.
Turizm sahəsində əməkdaşlıqdan danışarkən qeyd etmək yerinə düşər ki, Azərbaycanın ümumvətəndaş pasportlarına malik vətəndaşları Bosniya və Herseqovinaya viza tələb olunmadan gedə və ölkədə 90 günədək qala bilərlər.