Rusiya "Taxıl sazişi"nin uzadılması ilə bağlı şərt irəli sürüb
13.04.2023
"Əgər problemlərin həllində irəliləyiş olmasa, mayın 18-dən etibarən "Taxıl sazişi” uzadılmayacaq”.
"DM” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Vurğulanıb ki, "Taxıl sazişi” əvvəlki kimi, Qərb ölkələrinin maraqlarına uyğun olaraq, rəsmi Kiyevin yalnız kommersiya maraqlarına xidmət edir: "Əgər belə davam edərsə, müqavilənin uzadılması barədə danışmağa ehtiyac qalmayacaq”.
Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl müqavilənin müddətinin növbəti dəfə uzadılması perspektivinin az olduğunu bildirmişdi.
Xatırladaq ki, ötən il iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.
Bu ilin mart ayında "Taxıl sazişi”nin müddəti növbəti dəfə iki ay uzadılıb.