21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanda ilk riyaziyyatçı qadın elmlər doktoru vəfat edib

12.04.2023

Azərbaycanda ilk riyaziyyatçı qadın elmlər doktoru və ilk professoru, Əməkdar müəllim, ehtimal nəzəriyyəsi sahəsində tanınmış alim Tamilla Nəsirova vəfat edib.

Bu barədə AMEA məlumat yayıb.

Bildirilib ki, mərhum bu gün 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Tamilla Nəsirova 20 oktyabr 1936-cı ildə Hacıqabul rayonun Navahi kəndində anadan olub. O, 1953-cü ildə Bakıda 176 saylı məktəbi qızıl medal ilə bitirərək həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsinə imtahan vermədən daxil olub və 1958-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra təyinatla AMEA-nın Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) elmi fəaliyyətinə başlayıb və həmin ildə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun aspiranturasına qəbul olub. Daha sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Ehtimal nəzəriyyəsi” kafedrasında akademik B.V.Qnedenkonun rəhbərliyi ilə dissertasiya işi üzərində çalışıb.

T.Nəsirova 1964-cü ildə Daşkənd Universitetində fəlsəfə doktoru, 1994-cü ildə isə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda "Kütləvi xidmət nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda elmlər doktoru elmi dərəcəsi almaq üçün akademik A.V.Skoroxodun elmi məsləhətçiliyi ilə dissertasiya işini müdafiə edib, 1997-ci ildə professor elmi adı alıb.
Görkəmli alim 1958-1980-ci illərdə AMEA Kibernetika İnstitutunda laborant, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. 1980-ci ildən Bakı Dövlət Universitetində dosent, 1995-ci ildən isə professor vəzifələrində işləyib. 1994-cü ildən Kibernetika İnstitutuna qayıdan alim böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışıb.

T.Nəsirova ehtimal nəzəriyyəsi sahəsində tanınmış alim kimi ilk dəfə Semi-markov prosesləri üçün erqodik teoremi isbat edib, semi-markov proseslərinin tədqiqindən prosesin və onun sərhəd funksionallarının paylanmasının tapılması üçün üsul işləyib, 3 müxtəlif tip semi-markov prosesləri arasında əlaqə yaradıb. Dünya şöhrətli alim Azərbaycanda özünün ehtimal nəzəriyyəsi məktəbini yaradıb və geniş elmi-tədqiqat işləri aparıb. Onun 100-dən çox elmi əsəri, o cümlədən 3 monoqrafiya, 2 kitab və 1 metodik vəsaiti nəşr olunub.

1964-cü ildən pedaqoji fəaliyyətlə məşğul olan alim 2007-ci ildə "Əməkdar müəllim” fəxri adına layiq görülüb. T.Nəsirova, həmçinin 1996-2000-ci illərdə Türkiyənin "Karadeniz Teknik” Universitetində professor vəzifəsində çalışıb. Onun rəhbərliyi ilə 2 elmlər doktoru və 10 fəlsəfə doktoru elmi dərəcəsi alınıb.