Sızdırılan məxvi sənədlərdə Ukraynada döyüşən Qərb xüsusi təyinatlılarının sayı açıqlanıb
12.04.2023
Pentaqondan sızdırılan məxfi sənədlər NATO üzvü olan bir sıra Qərb ölkələrinin Ukraynada xüsusi təyinatlı qüvvələrinin fəaliyyət göstərdiyini ifşa edib.
"DM" BBC-yə istinadən xəbər verir ki, 23 mart tarixli "son dərəcə məxfi” möhürlü sənədlərə əsasən, Birləşmiş Krallıq Ukraynada ən böyük xarici hərbi kontingentə malik ölkədir.
Sənədlərə əsasən, hazırda Ukraynada 50 nəfər Birləşmiş Krallıq xüsusi təyinatlısı mövcuddur.
Sənədlər eyni zamanda Ukraynada Latviyanın 12, Fransanın 15, ABŞ-ın 14 və Niderlandın 1 xüsusi təyinatlısının olduğunu göstərir.
Bununla belə məxfi sənədlərdə sözügedən xüsusi təyinatlıların harada və necə fəaliyyət göstərməsi barəsində məlumat qeyd edilməyib.
BBC-nin məlumatında bildirilib ki, Qərb xüsusi təyinatlılarının sayı az olsa da, onlar son dərəcə effektivdirlər. Əlavə olunub ki, son aylarda Moskvanın yalnız Ukraynaya qarşı deyil, həm də NATO-ya qarşı mübarizə apardığını bildirməsi onun Qərb qüvvələrinin mövcudluğunu anlaması ilə əlaqəli ola bilər.
Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Pentaqondan sənədlərin sızdırılması ilə əlaqədar cinayət təhqiqatına başlandığını və onun mənbəyini tapmaqda qətiyyətli olduğunu bildirib.