Xaricdən telefon gətirənlərin nəzərinə: Dövlət Gömrük Komitəsi çağırış edib
11.04.2023
Fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük orqanlarına yazılı (elektron) formada bəyan edilməlidir.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, aparılan təkmilləşdirilmələr çərçivəsində cari ilin fevral ayının 15-dən etibarən gömrük orqanlarına bəyan edilən mobil telefon və digər simsiz rabitə avadanlıqları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin vahid elektron xidmətlər portalında qeydiyyata alınır.
Fiziki şəxslərin ölkə ərazisində əldə edəcəkləri mobil telefon və digər simsiz rabitə avadanlıqlarının qeydiyyata alınması barədə məlumatı IMEI kodu vasitəsilə müvafiq portal (portal.rinn.az) üzərindən yoxlamaları tövsiyə olunur.
Eyni zamanda Dövlət Gömrük Komitəsinin "195/6” Çağrı Mərkəzindən də məlumat almaq olar.
Nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, gömrük orqanlarına bəyan edilməyən mobil telefon və digər simsiz rabitə avadanlıqlarının ölkə ərazisinə gətirilməsi məsuliyyət yarada bilər.
"Dövlət Gömrük Komitəsi bir daha diqqətə çatdırır ki, xaricdən gətirilən mobil telefonlar və digər simsiz rabitə avadanlıqları sərhədkeçmə anında mütləq şəkildə gömrük orqanlarına bəyan edilməlidirlər. Bəyannamə yazılı, yaxud elektron qaydada köşklər, e.customs.gov.az portalı və "Smart Customs” mobil tətbiqi vasitəsilə təqdim edilə bilər”, - deyə məlumatda bildirilib.