Mübariz Qurbanlı: "118 din xadimi işindən uzaqlaşdırılıb"
06.04.2023
İran rejimi ölkəmizdəki məscidlərə öz adamlarını yerləşdirməyə çalışıb. Bunun qarşısını almaq üçün Dini Komitə kifayət qədər səbrlə, məqsədyönlü şəkildə iş aparıb.
"DM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, məscidlərdə təyinatlar səlahiyyəti Komitəyə keçəndən sonra ölkəmizdə təhsil almış, dövlətimizin maraqlarını ifad etməyə qadir olan 120-yə yaxın şəxs təyinat alıb. 118 din xadimi isə işindən uzaqlaşdırılıb:
"Uzaqlaşdırılanlar içərisində həm işində nöqsanlara yol verənlər, həm də dini təhsili olmayanlar var. İran rejimi dini ideologiya və siyasət adı altında təlqin etməyə çalışır, Azərbaycan və digər ətraf ölkələrə özünün dövlət din modelini yaymaq istəyir. Azərbaycanda da bu təbliğatı aparmaq üçün sosial şəbəkələr üzərindən kampaniyalar aparıb. Bunun qarşısını almaq üçün geniş işlər görülüb və görülməkdədir".