DİM buraxılış imtahanının məzmununu açıq şəkildə təqdim edib
06.04.2023
Dövlət İmtahan Mərkəzi martın 5-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarını elmi məqsədlər üçün növbəti imtahanların layihələşdirilməsində istifadə etməmək qərarı verib və daha çox imtahan iştirakçılarının, təhsil ictimaiyyətinin maarifləndirilməsi məqsədilə imtahanın məzmununu açıq şəkildə təqdim edir.
DİM-dən verilən xəbərə görə, imtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahı və onların dövlət standartları, eləcə də tədris proqramına uyğunluğu ilə tanış ola bilərlər. Martın 12-də keçirilən imtahanda istifadə olunan tapşırıqlar da növbəti həftə müvafiq qaydada təqdim olunacaq.
Hər kəs bir daha buraxılış imtahanlarında istifadə edilən bütün test tapşırıqlarının ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlandığı və 2008-ci ildən etibarən tətbiq olunan müvafiq fənlər üzrə təhsil proqramı – kurikulumun təlim nəticələrinə uyğun bilik və bacarıqları yoxlamağa xidmət etdiyinin şahidi ola bilər. Dövlət İmtahan Mərkəzi tərəfindən bu imtahanlar layihələndirilərkən müvafiq dövlət standartları və onların tələbləri əsas götürülür. İmtahanda istifadə olunan bütün tapşırıqlar bəlli standartlar üzrə bilik və bacarıqları yoxlamaq üçündür.
Cədvəllərdə siniflər üzrə fənn kurikulumu alt standartlarının ümumi sayı, 11-ci sinif buraxılış imtahanlarında yoxlanıla bilən alt standartların sayı və faktiki imtahanda yoxlanılan alt standartların sayı göstərilib. Məsələn, riyaziyyat fənni üzrə istifadə olunan tapşırıqlara baxıldıqda, 11-ci sinif səviyyəsi üzrə yalnız bir alt standartın yoxlanıldığının şahidi olmaq mümkündür. Digər tapşırıqlar 5-10-cu sinif səviyyəsi üzrə alt standartların yoxlanılmasına aiddir. Təqdim olunan izahlarda isə hər bir tapşırığın konkret olaraq hansı standartı yoxlamağa xidmət etdiyini də görmək mümkündür.
İmtahanlar eyni struktur, standart və tələblər əsasında hazırlanır. Sadəcə şagirdlərin bu imtahanların çətinlik səviyyəsi haqqındakı təəssüratları onların hazırlıq səviyyələrindən asılı olaraq fərqlənir. Belə ki, hazırlıqlı şagirdlər üçün suallar asan, zəif şagirdlər üçün çətin görünə bilər. Lakin imtahanların nəticələri elmi-statistik cəhətdən təhlil olunmadan onun mürəkkəblik səviyyəsi haqqında qəti fikir söyləmək düzgün deyil. Bu yaxınlarda son 4 ilin göstəriciləri ictimaiyyətə təqdim olunub. Hamısı bir-birinə yaxın idi. İlkin təhlillərə əsasən, builki imtahan nəticələrinin də ötənilki ilə müqayisədə təxminən bərabər olduğunu söyləyə bilərik. Fərq statistik xəta çərçivəsində ola bilər. Geniş təhlillər bütün istiqamətlər üzrə nəticələr elan olunduqdan sonra ictimaiyyətə təqdim olunacaq. Ötən il keçirilən imtahanların müfəssəl təhlili də yaxın vaxtlarda "Abituriyent” jurnalının 12-ci sayında dərc olunacaq.
Martın 5-də keçirilən imtahanların nəticələrinin gələn həftə ərzində elan olunması nəzərdə tutulur. Hər bir şagird öz imtahan nəticəsi səhifəsinə daxil olub yazdıqları, həmçinin ətrafl yazılı cavab tələb edən tapşırıqlar üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola biləcək.
Valideynlərə, müəllimlərə və ekspertlərə bir daha tövsiyə edilib ki, imtahanda istifadə olunan test tapşırıqları, yoxlanılması zəruri olan standartlar, şagirdlərin nəticələri elan olunandan sonra isə onların yazı işləri ilə diqqətlə tanış olsunlar və bunlar geniş təhlil olunsun. Bu təhlillər şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə yön verməli və onların gələcək imtahanlara daha da yaxşı hazırlaşmaları üçün zəmin yaratmalıdır.