Prezident: Azərbaycan və Tacikistan çox səmimi əməkdaşlıq edir
05.04.2023
Siz qeyd etdiyiniz kimi, ölkələrimizin xalqları uzun müddət ərzində fəal qarşılıqlı əlaqə saxlayırlar. Çox sevindirici haldır ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlərimiz dövründə biz çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluğumuzun möhkəm binasını qurmağa nail olmuşuq.
"DM" xəbər verir ki, bunu aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonla geniş tərkibdə görüşdə deyib.
"Siz qeyd etdiyiniz kimi, biz həm çoxtərəfli formatda, həm də xüsusilə ikitərəfli formatda fəal qarşılıqlı əlaqə saxlayırıq. Həmişə mehriban dostlar kimi çox səmimi əməkdaşlıq edirik. Əlbəttə, dövlət səfəri çərçivəsində yeni qərarlar qəbul ediləcək, çoxlu sənədlər imzalanacaq, onlar münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək. Biz gündəlikdəki geniş məsələləri – həm ticari-iqtisadi sahədə, nəqliyyat-logistika sahəsində, həm də investisiya siyasəti sahəsində çox böyük perspektivləri ətraflı müzakirə edəcəyik”, - dövlət başçısı vurğulayıb.