Mərkəzi Bank uçot dərəcəsini 15 faizdən 13 faizə endirdi
13.02.2018
Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin və faiz dəhlizinin aşağı salınması haqqında qərarı şərh edib
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti fevralın 12-də uçot dərəcəsinin 15 faizdən 13 faizə, faiz dəhlizinin yuxarı həddinin 18 faizdən 16 faizə, aşağı həddinin isə 10 faizdən 8 faizə endirilməsi barədə qərar qəbul edib.
"Dövran Media" xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov fevralın 12-də keçirdiyi mətbuat konfransında İdarə Heyətinin qərarını şərh edib.
Elman Rüstəmov bildirib ki, faiz dəhlizinin parametrləri haqqında qərar faktiki orta illik inflyasiyanın birrəqəmli trayektoriyaya daxil olması, inflyasiyanın azalmasına dair proqnozlar və xarici balansın yaxşılaşması nəzərə alınmaqla qəbul edilib. Bu müsbət meyillərin davam etməsindən asılı olaraq Mərkəzi Bank faiz dərəcələrinin real səviyyəsini pozitiv zonada saxlamaqla bundan sonra da azaldılmasını mümkün hesab edir. Qiymətləndirmələrə əsasən, yeni iqtisadi tsiklə adekvat olaraq neytral pul siyasətinə tədrici keçid iqtisadi aktivliyə müsbət təsir göstərəcək.
Faiz dəhlizinin parametrlərinin dəyişdirilməsi haqqında qərarı qəbul edərkən Mərkəzi Bankın İdarə Heyəti xarici və daxili mühitdə baş verən bir sıra prosesləri nəzərə alıb.
Xarici mühit
Mərkəzi Bankın sədri qeyd edib ki, 2014-cü ilin sonundan bəri həyata keçirilən dərin makroiqtisadi manevr və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar, eləcə də dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycanın tədiyə balansının yaxşılaşmasını təmin edib. 2017-ci ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 5 faizi qədər profisit gözlənilir. Xarici ticarət balansının profisiti 5 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən illə müqayisədə 10 dəfə, yəni 0,5 milyard ABŞ dolları çoxdur. İxrac 52 faiz, o cümlədən qeyri-neft ixracı 23 faiz artıb. Ticarət balansı ilə yanaşı xidmətlər, eləcə də ilkin və təkrar gəlirlər balansında da yaxşılaşma müşahidə olunub. Xidmətlər balansının kəsiri əhəmiyyətli dərəcədə azalıb, turizm xidmətləri üzrə, habelə kapital və maliyyənin hərəkəti hesabında da müsbət saldo əldə olunub.
Ölkənin tədiyə balansının yaxşılaşması şəraitində 2017-ci ildə strateji valyuta ehtiyatları 11 faizdən çox artıb. Proqnozlara görə, xarici mühitdə pozitiv meyillərin 2018-ci ildə də davam edəcəyi gözlənilir.
Valyuta bazarı
Tədiyə balansının yaxşılaşması nəticəsində ölkənin valyuta daxilolmalarının artmasının valyuta bazarında vəziyyəti sabitləşdirdiyini diqqətə çatdıran E.Rüstəmov deyib: "Bu şəraitdə həyata keçirilən makroiqtisadi siyasət tədbirləri nəticəsində manatın ABŞ dollarına qarşı məzənnəsi 4 faiz möhkəmlənib. 2017-ci ilin ikinci rübündən manatın məzənnəsi əlavə möhkəmlənmə təzyiqləri altında olub. Manatın məzənnəsinin sabitləşməsi de-dollarlaşma proseslərinə, maliyyə sabitliyinə və inflyasiya gözləntilərinin azaldılmasına müsbət təsir edib. Manatın real effektiv məzənnəsi isə 2014-cü ilin sonundan bəri 36 faiz ucuzlaşıb ki, bu da idxalın əvəzlənməsi və qeyri-neft ixracının stimullaşdırılmasına müsbət təsir edən amildir.
Monetar şərait
Ölkədə formalaşmış monetar siyasət barədə danışan Mərkəzi Bankın sədri qeyd edib ki, 2017-ci ildə pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8,7 faiz artıb. Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində fiskal sektorun likvidliyə olan tələbi monetar şəraitə təsir göstərən əsas amil olaraq qalmaqdadır.
İqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli (7 günədək, 14 günlük, 28 günlük və sair) çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayır. İqtisadiyyatda kredit aktivliyinin bərpa olunmaması şəraitində bank sistemində akkumlyasiya olunan izafi likvidlik Mərkəzi Bankın sterlizasiya alətlərinə yüksək tələbi şərtləndirir. Ümumilikdə təhlillər göstərir ki, yaradılmış monetar şərait istehlakla yığımın optimal balansın təmin edilməsinə müsbət təsir göstərib.
İnflyasiya prosesləri
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar ayında orta illik inflyasiyanın 5,5 faiz təşkil etdiyini bildirən E.Rüstəmov antiinflyasiya xarakterli pul siyasətinin, pul kütləsinin optimal səviyyədə idarə olunmasının və 2017-ci ilin ortalarından etibarən manatın məzənnəsinin sabitləşməsinin inflyasiyanın təkrəqəmli səviyyədə formalaşmasında mühüm rol oynadığını deyib. Vurğulayıb ki, məcmu tələblə təklifin nisbətinin dəyişimi, dünya ərzaq qiymətləri və inflyasiya gözləntiləri də qiymətlərin dinamikasına təsir edən başlıca amillərdən olub. Qiymətləndirmələrə görə, dezinflyasiya meyilləri bundan sonra da davam edəcək və 2018-ci ilin sonuna illik inflyasiyanın elan edilmiş hədəf çərçivəsində olması potensialı əhəmiyyətlidir. Mərkəzi Bank tərəfindən ev təsərrüfatları və biznes sektorunda aparılmış sorğular göstərir ki, məzənnənin sabitləşməsi və faktiki inflyasiyanın azalma dinamikası inflyasiyaya da təsir edib. İnflyasiyanın qarşıdakı dövrdə birrəqəmli səviyyədə qalması inflyasiya gözləntilərinin azalması və bunun iqtisadi konyunktur dəyişimələrə qarşı həssaslığının aşağı düşməsindən də asılı olacaq.
İqtisadi aktivlik
Mərkəzi Bankın sədri qeyd edib ki, 2017-ci ildə makroiqtisadi sabitliyin güclənməsi iqtisadi aktivliyin canlanmasına müsbət təsir edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il qeyri-neft sektorunda 2,7 faizlik iqtisadi artım baş verib, o cümlədən qeyri-neft sənayesində 3,7 faiz, kənd təsərrüfatında 4,2 faiz artım olub. Bu, dövlətin investisiya xərclərinin və qeyri-neft ixracının artması, habelə istehlakçı inamının yüksəlməsi ilə dəstəklənib. 2018-ci ildə də iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir.
Mərkəzi Bank bundan sonra da iqtisadiyyatda və maliyyə bazarlarında baş verən prosesləri diqqətlə izləməyə davam edəcək və öz səlahiyyətləri çərçivəsində sərəncamında olan alətlərlə qiymətlərin sabitliyini təmin etməyə çalışacaq.
Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə aprel ayında müzakirə ediləcək.