Ekspert: “Azərbaycandakı mina problemi beynəlxalq təşkilatlardan ciddi diqqət tələb edir”
03.04.2023
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki mina problemi beynəlxalq təşkilatlardan ciddi diqqət tələb edir”.
Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəsmi nümayəndəsi Vladislav Seleznyov deyib.
Seleznyovun sözlərinə görə, dünya elitası əksər hallarda Ermənistan silahlı qüvvələrinin qanunsuz əməllərinə, o cümlədən ərazilərin minalanmasına göz yumur.
"Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin ekspertlərinin fikrincə, 1 günlük hərbi əməliyyatlar gələcəkdə 30 günlük minalardan təmizləmə işi deməkdir", - o vurğulayıb.
Ekspert qeyd edib ki, 30 illik işğal dövründə ermənilər Azərbaycanın tarixi torpaqlarına ciddi ziyan vurublar: "İşğalçılar üçün müqəddəs heç nə yoxdur. Mən dağıdılmış evləri, məscidləri, mədəniyyət abidələrini görmüşəm. Onlar 30 il işğal altında saxladıqları torpaqlarda daşı-daş üstə qoymayıblar".
Ukraynalı hərbi ekspertin sözlərinə görə, hazırda Azərbaycanın üzləşdiyi minalardan təmizləmə, infrastrukturun bərpası və s. kimi problemlər gələcəkdə Ukraynanı da gözləyir. Ukrayna dövləti həmçinin hazırda Rusiya qoşunlarının nəzarətində olan əraziləri normal həyata qaytarmalı olacaq.
"Bizim çoxlu ümumi problemlərimiz var. Azərbaycan və Ukrayna xalqları birləşməli və bu problemlərin həlli üçün ikitərəfli kommunikasiya formatları yaratmalıdır", - o fikrini tamamlayıb.