İranla sərhədi pozmağa cəhd edən 6 nəfər tutulub
03.04.2023
Aprel ayının 2-də saat 06:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun II Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edən Göygöl rayon sakini Paşayev Azər Seyfəddin oğlu və Salyan rayon sakini Muradov Elnur Mənəfağa oğlu saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, araşdırma zamanı qeyd olunan şəxslərin "Toyota Prius” markalı 99-DC-626 dövlət nömrə nişanlı avtomobillə gəlməsi və ərazidə daha 4 (dörd) nəfərin olması müəyyənləşdirilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən uzaqlaşmağa cəhd edən nəqliyyat vasitəsinin sürücüsü Cəlilabad rayon sakini Şahmarlı Aqil Yaşılxan oğlu və Göygöl rayon sakini Kazımov Röyal Rövşən oğlu şühbəli şəxs qismində saxlanılıblar.
Sərhəd axtarış tədbirləri davam etdirilərkən saat 15:45-də gizlənərək təqibdən yayınmağa çalışan Göygöl rayon sakini Əsgərov Rəfail Məhərrəm oğlu və Tərtər rayon sakini Əzimov Orxan İlqar oğlu sərhəd naryadı tərəfindən saxlanılıb.
Saxlanılan şəxslər törətdiyi cinayət əməlini etiraf edərək, dövlət sərhədinin pozmaqda məqsədlərinin İrandan Azərbaycana narkotik vasitə gətirmək olduğunu bildiriblər.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.