03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bayramov xüsusi nümayəndə ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib

03.04.2023

Aprelin 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Dirk Şubel ilə görüşüb.

Bu barədə XİN-dən məlumat verilib.

Görüşdə, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq gündəliyi, o cümlədən regionda cari vəziyyət müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov, Azərbaycanla Aİ arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, investisiyalar, nəqliyyat, enerji təhlükəsizliyi və s. sahələr üzrə səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edərək, bu xüsusda hal-hazırda müzakirə edilən yeni hərtərəfli saziş layihəsinin münasibətlərin daha da inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib. 18 iyul 2022-ci il tarixində imzalanmış Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna istinad edən nazir, sözügedən Memorandumun enerji təhlükəsizliyi sahəsində birgə fəaliyyət baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, alternativ enerji resurslarının inkişaf etdirilməsi və Avropaya ixracı baxımından Qara dəniz elektrik enerjisi kabeli üzrə sazişin vacibliyi vurğulanıb.

Post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın bərpa-quruculuq fəaliyyəti, bölgədə kommunikasiyaların açılması istiqamətində görülən işlər, o cümlədən Ermənistanla münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir, Ermənistanın öhdəliklərindən boyun qaçıraraq davamlı hərbi-siyasi təxribatlar törətməsinin, mina təhdidini davam etdirməsinin sülh quruculuğu prosesinə xələl gətirdiyini diqqətə çatdırıb. Son dövrlərdə Ermənistan tərəfindən törədilən təxribatların intensivləşməsinin Aİ-nin Ermənistanda missiyasının mövcudluğu dövrünə təsadüf etməsinin narahatlıq doğurduğunu bildirən nazir Ceyhun Bayramov, sözügedən Missiyadan Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək üçün bəhanə kimi sui-istifadə edilməsinin yolverilməz olduğunu vurğulayıb.

Xüsusi nümayəndə Dirk Şubel, son dövrlərdə nəqliyyat-kommunikasiya sahəsində yaranmış çağırışların Şərq-Qərb Dəhlizinin önəmini artırdığını diqqətə çatdıraraq, Azərbaycanın bölgədə nəqliyyat və kommunikasiyaların açılması istiqamətində fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib. Regionda mülki şəxslərin həyatına və sağlamlığına təhdid törədən mina təhlükəsinə qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb