Bu tibb məntəqlərində rentgen müayinəsi dayandırılıb- Video
03.04.2023
Bakıda bir sıra tibb müəssisələrində rentgen aparatlarında nöqsan aşkarlanıb, fəaliyyəti dayandırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin müraciəti əsasında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların mövcud olduğu bir sıra tibb müəssisələrində nəzarət-yoxlama tədbirləri həyata keçirilib.
Keçirilən tədbirlər nəticəsində qanunvericiliyin tələblərinə uyğun olaraq nöqsanlar aşkar edilmiş, o cümlədən radiasiya təhlükəsizliyi tələblərinə riayət edilməməsi və "xüsusi icazə”nin olmaması səbəbindən müvafiq olaraq Bakı şəhərində yerləşən 19 nömrəli Uşaq və 2 nömrəli Şəhər poliklinikalarında rentgen kabinetlərinin fəaliyyəti, 20 nömrəli Uşaq, 35 və 37 nömrəli Şəhər poliklinikalarında rentgen avadanlıqlarının istismarı dayandırılıb.
Qeyd olunanları nəzərə alaraq, FHN bir daha əhaliyə müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədilə rentgen və kompüter-tomoqrafiya müayinələri üçün yalnız "xüsusi icazə” əsasında fəaliyyət göstərən tibb müəssisələrinə müraciət olunmasını tövsiyə edir.