Qalmaqallı uşaq evi ilə bağlı niyə rəsmi açıqlama yoxdur?
03.04.2023
"Hər kəs elə bilir ki, o uşaq dəlidir və buna görə də xəstəxanadadır”.
Bu sözləri Lent.az-a "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova son günlərdə gündəm olan 3 saylı uşaq evi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Mehriban Zeynalova sosial şəbəkələrdə böyük müzakirə doğuran uşaq evi ilə bağlı müəyyən qurumların reaksiya vermədiklərini dilə gətirib:
"Sosial şəbəkələrdə 3 saylı uşaq evindəki yeniyetmə ilə bağlı müzakirələr dayanmır. Əvvəlcə orada uşaqlara yemək verilməməsi məsələsi gündəmə gəldi. Bir çoxları buna elə də diqqət yetirmədilər. Amma həmin paylaşımdan sonra uşağın dərhal xəstəxanaya yerləşdirilməsi qərəz kimi görülür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələ ilə bağlı açıqlama verdi. Amma əsas qurumlar var ki, onlar hələ də bu məsələ ilə bağlı heç bir reaksiya verməyiblər. Bununla da artıq hər kəs düşünür ki, uşaq düz deyir və ona görə də o cəzalandırılıb. Bütün bu hadisələrin tezliyi onu göstərir ki, burada qərəz var. Ola bilər ki, həmin uşaq xəstəxanada, sadəcə olaraq, davranış pozğunluğuna görə həkim nəzarəti altındadır. Amma aidiyyəti qurumlar açıqlama vermir deyə hər kəs elə bilir ki, o uşaq dəlidir və buna görə də xəstəxanadadır”.
Qeyd edək ki, bir müddətdir ki, sosial şəbəkələrdə sözügedən uşaq evində qalan yeniyetmənin videosu yayılıb.
Videoda yeniyetmə müəssisədə uşaqlara quru çörək verildiyini iddia edir:
"Ətin sümüyünü bişirirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”.
Xatırladaq ki, uşaq bu hadisədən sonra 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.