Rusiya XİN estoniyalı diplomatı ölkədən çıxarır
31.03.2023
Rusiya Xarici İşlər Nazirliyi estoniyalı diplomatı ölkədən çıxarır.
"DM" xəbər verir ki, bu barədə qərar Nazirliyin saytında dərc edilib.
Rusiya XİN xəbərdarlıq edib ki, Moskva Estoniya hökumətinin Rusiyaya qarşı davamlı olaraq təxribat xarakterli fəaliyyətinə qarşı digər cavab tədbirləri görməyə məcbur olacaq.
Məlumata əsasən bu gün Estoniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Nazirliyə çağırılıb:
"24 martda Rusiyanın Tallindəki səfirliyinin diplomatik əməkdaşının heç bir əsas olmadan arzuolunmaz şəxs (persona non qrata) elan etməsi ilə bağlı Estoniya diplomatik missiyasının rəhbərinə kəskin etiraz bildirilib”, - Nazirlik qeyd edib.
Qərara alınıb ki, qarşılıqlılıq prinsipinə əsaslanaraq Estoniyanın Moskvadakı səfirliyinin oxşar səviyyəli diplomatı Rusiyanı tərk etməli olacaq və bu proses, rus diplomatın Estoniyanı tərk etmək üçün müəyyən edilən vaxt çərçivəsində baş tutmalıdır.
"Ölkələrarası münasibətlərin tamamilə dağılmasına görə məsuliyyət tamamilə Estoniya tərəfinin üzərinə düşür”, - Rusiya XİN vurğulayıb.