AEM deputatların dərman çatışmazlığı ilə bağlı fikirlərinə münasibət bildirib
29.03.2023
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Milli Məclisin səhiyyə komitəsinin "Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı dərmanların keyfiyyəti və çatışmazlığı ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
Mərkəzdən bildirilib ki, ölkədə dərman vasitələrinin çatışmazlığı və onların keyfiyyəti barədə yayılan məlumatlardan xəbərdardırlar:
"Analitik Ekspertiza Mərkəzinin (AEM) səlahiyyətinə ölkəyə rəsmi yolla idxal edilən dərman vasitələrinin sənədlərinin uyğunluğunun yoxlanılması, tərkibinin laborator analizi və idxal icazəsinin verilməsi daxildir. AEM laboratoriyasından keçən və Səhiyyə Nazirliyi tərəfindən nəzarət markası alan istənilən dərman vasitəsinin onun istehsalçısı tərəfindən içlik vərəqəsində qeyd edilən saxlanma şərtlərinə riayət edildiyi təqdirdə mərkəz tərəfindən onun keyfiyyətinə zəmanət verilir.
Bu məsələ ilə bağlı dəfələrlə əhaliyə müraciət edilib ki, apteklərdə qutusunda nəzarət markası və Azərbaycan dilində içliyi olmayan, respublikaya qeyri-qanuni yollarla gətirilən və ya gözlənilən təsiri olmayan hər hansı dərman vasitələri ilə bağlı bizə məlumat verə bilərlər. Belə hallarla rastlaşdıqda vətəndaş AEM-in "Bir pəncərə” sektoruna müraciət edə və ya "qaynar xətt”lə əlaqə saxlaya bilər. Həmçinin, vətəndaşlar AEM-in pharma.az saytının MÜRACİƏT bölməsinə daxil olaraq, əldə edilən dərmanın qutusunun şəklini, alış çekini və alınan ünvanı yükləyərək ölkəyə qeyri-qanuni yolla gətirilən dərman vasitəsi barədə məlumat verə bilərlər. Belə olan halda AEM göstərilən əczaçılıq təşkilatında şikayətdə qeyd olunan dərman vasitəsi ilə bağlı araşdırma apararaq, müvaffiq tədbirlər görür.
Ölkəyə dərman vasitələrinin gətirilməsinin sadələşdirilməsi barədə səsləndirilən fikirlərlə bağlı isə onu deyə bilərik ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi icraedici orqandır və onun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Əgər qanunvericilikdə dəyişikliklər olarsa, AEM də həmin dəyişikliklərə uyğun fəaliyyət göstərəcək”.