Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə görüşüb - YENİLƏNİB + FOTO
29.03.2023
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfəri çərçivəsində İsrailin müdafiə naziri Yoav Qallant ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə iki ölkə arasında müdafiə, hərbi-texniki və digər aidiyyəti sahələr üzrə əməkdaşlıq, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Ceyhun Bayramov Azərbaycan və İsrail arasında müdafiə sahəsində münasibətlərin mövcud əməkdaşlıq gündəliyində müstəsna rolunu diqqətə çatdırıb.
17 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrail Dövlətinin müdafiə naziri ilə keçirdiyi görüşə istinad edən Ceyhun Bayramov sıx təmasların, o cümlədən qarşılıqlı səfərlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib.
Ceyhun Bayramov həmçinin post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində sülh və quruculuq səyləri barədə qarşı tərəfi məlumatlandırıb.
Yoav Qallant iki ölkənin müdafiə, hərbi-texniki sahədə uğurlu əməkdaşlıq təcrübəsinə istinad edərək, bu xüsusda, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialdan istifadənin vacibliyini qeyd edib. Qarşılıqlı təmasların davam etdirilməsinin əhəmiyyətli olduğu bildirilib.
15:40
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb.
Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter” hesabında yazıb.
O bildirib ki, nazirlər iki ölkə arasında strateji əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
Y.Qalant da "Twitter” hesabında C.Bayramovla görüşü barədə paylaşım edib.
O bildirib ki, C.Bayramovla ikitərəfli əlaqələri müzakirə edib.
"Mən səfirliyin açılmasını həm müdafiə, həm də mülki sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün ilk addım kimi qiymətləndirdim”, - Y.Qalant vurğulayıb.