Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsinin Rusiyaya qonşu ölkələrə səfəri başlayıb
28.03.2023
Rusiyaya qarşı sanksiyaları dəstəkləməyən ölkələr Rusiyaya onlardan yan keçmək üçün kömək etməməlidir.
"DM" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sallivan bu gün Bişkekdə keçirdiyi brifinqdə bildirib.
"Biz Rusiyaya qarşı sanksiyaları dəstəkləməyən ölkələrin fikrinə hörmət edirik, lakin istəməzdik ki, onlar sanksiyalardan yayınma platformasına çevrilsinlər”, - deyə O’Sallivan qeyd edib.
Onun sözlərinə görə, sanksiyalardan yayınmanın qarşısının alınması üçün görülən işləri Aİ ilk növbədə özündən başlayır. Bundan əlavə olaraq isə, tərəfdaş dövlətlərdəki vəziyyəti və sanksiyalardan yayınmaq barədə daxil olan siqnalları diqqətlə izləmək lazımdır.
"Bizim vəzifəmiz sanksiyaların effektiv icrasını təmin etməkdir. Ticarət axınlarını təhlil etdikdən sonra biz bundan əvvəl qeydə alınmayan əhəmiyyətli dövriyyə artımı görürük.
Qırğızıstan da bu dövlətlərdən biridir, lakin qeyd edim ki, bu, yeganə ölkə deyil. BƏƏ-də, Türkiyədə oldum.
Qazaxıstan, Özbəkistan, Gürcüstan və Ermənistana da səfər etmək niyyətindəyəm”, - deyə Aİ nümayəndəsi bildirib.