Gökhan Çınkara: Netanyahu hökuməti dağıla bilər
27.03.2023
Fikrimcə, İsraildə ən böyük problemlərdən biri konstitusiyanın olmamasıdır. Əgər konstitusiya olsaydı, belə hüquqi dəyişikliklər daha asan şəkildə həyata keçirilə bilərdi. Ancaq hazırda əsas məsələ Netanyahunun mövcud problemi necə həll edəcəyidir.
Bu sözləri İsraildə baş verən son proseslərlə bağlı verdiyi açıqlamada Türkiyənin Nəcməddin Ərbakan Universitetinin Siyasi elmlər və dövlət idarəçiliyi kafedrasının müəllimi Gökhan Çınkara deyib.
Çınkara Netanyahu hökumətinin dağılma ehtimalının yüksək olduğunu bildirib:
"Netanyahu böhranı aradan qaldırmaq üçün kabinet üzvləri və müxalif qüvvələrlə müzakirə masasına oturmalıdır, əks təqdirdə problem getdikcə uzanacaq. Baş nazir islahatların dayandırılması qərarını versə də, hökumətin digər üzvləri arasında buna qarşı olanlar var. Digər tərəfdən islahatlar davam edərsə, yenə kütləvi narazılıqlar başlayacaq və müxalifətin əlinə hökumətə daha güclü təzyiq imkanı düşəcək. Yəni vəziyyət çox mürəkkəbdir. Ortaq məxrəcə gəlmək çətin, hökumətin dağılma ehtimalı isə yüksəkdir”.
Qeyd edək ki, İsrailin müdafiə naziri Yoav Qalant xüsusi bəyanatla çıxış edərək məhkəmə islahatlarının dayandırılmasını istəyib. Benyamin Netanyahunun isə dünən Qalantı tutduğu vəzifədən azad edib və bu, kütləvi etirazları daha da genişləndirib.
İsrail Prezidenti İshaq Hersoq hökumətə islahatların dərhal dayandırılması ilə bağlı çağırış edib və bu gün Netanyahu parlamentdəki fraksiya liderləri ilə görüşdükdən sonra islahatları dayandırmaq niyyətində olduğunu bildirib.