Akademik: Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir
09.11.2018
"Azərbaycanın 5 min illik dövlətçilik tarixi var. Azərbaycanın qədim dövlətlərinə məxsus bayraqlar dünya sivilizasiyasının ilk bayraqlarıdır. Bu baxımdan bizim dövlət bayrağımız 1918-ci ildə yaradılmayıb".
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.
Onun sözlərinə görə, Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir.
Y.Mahmudov qeyd edib ki, Azərbaycanın böyük dövlətlərinin (Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar və Qacarlar) öz bayraqları olub.
İnstitut direktoru əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilib. Həmin qərara əsasən qırmızı rəngli dövlət bayrağının üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunmuşdu.
Tarixçi deyib ki, üçrəngli bayrağımız Əli bəy Hüseynzadənin "türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyasına əsasən 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib:
"Bayrağımızdakı göy rəng – türk mənşəli olmağımızı, qırmızı rəng – müasir cəmiyyət qurmaq və demokratiyanı inkişaf etdirmək istəyimizi, yaşıl rəng – islam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Azərbaycan bayrağının üzərindəki aypara türk xalqlarının qədim simvoludur. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, "Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, "Azərbaycan” sözü həmin əlifbada səkkiz hərflə yazılır. Biz Xalq Cümhuriyyəti dövründə üçrəngli bayrağımızla bütün Şərq üçün nümunə göstərdik. Bu bayraq Türk dünyasının ilk nümunəvi bayrağıdır".
Y.Mahmudov bildirib ki, Dağlıq Qarabağ ətrafında cərəyan edən ictimai-siyasi proseslər zamanı ziyalıların təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qeyri-rəsmi olaraq 1988-ci il noyabrın 17-də Bakıda indiki Azadlıq meydanında qaldırılıb. Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi Cümhuriyyətin süqutundan sonra ilk dəfə 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qaldırılıb. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib:
"Bakı şəhərində Dövlət Bayrağı Meydanının salınması Prezident İlham Əliyevin dövlət rəmzlərinə olan yüksək ehtiramının bariz nümunəsidir. Dövlət başçısı bununla bağlı sərəncamı 2007-ci il noyabrın 17-də imzalayıb. Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb. Bu sərəncama əsasən, hər ilin noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu bayram Azərbaycan xalqını daha da sıx birləşdirir və həmrəy edir".
Akademik qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il noyabrın 9-da Dövlət Bayrağı Muzeyi yaradılıb. Dənizkənarı Bulvar İdarəsinin ciddi səyləri nəticəsində muzey qısa vaxt ərzində tarixdə mövcud olmuş dövlətlərimizin bayraqlarını toplayıb və AMEA-nın Tarix İnstitutu ilə sıx əməkdaşlıq çərçivəsində çox mühüm yaradıcılıq işləri həyata keçirib. Ölkə başçısının təşəbbüsü və tapşırığı ilə hazırda Azərbaycanın bölgələrində də bayraq muzeyləri fəaliyyət göstərir. Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi bu gün xalqımızın və ölkəmizə səyahət edən turistlərin ehtiram hissi ilə ziyarət etdikləri müqəddəs məkana çevrilib:
"Bayraq sevgisi Vətən sevgisidir. Bayraq hər bir insanın, hər bir millətin azadlıq simvoludur, siyasi varlıq və müstəqillik rəmzidir. Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılır. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər".