KİV: “SEPAH-ın bir qrup hərbçisi Xameneiyə qarşı sui-qəsd planlaşdırıbmış”
22.03.2023
"Ötən ilin payızında SEPAH-ın bir qrup hərbi qulluqçusu Seyid Əli Xameneiyə qarşı sui-qəsd planlaşdırıbmış”.
"DM” xəbər verir ki, bu barədə "Iran International” 44 səhifəlik gizli sənədə əsasən məlumat yayıb.
Bildirilib ki, 2022-ci ilin payızında İranda davam edən kütləvi etirazlar zamanı molla rejiminin əsas dayağı olan SEPAH-ın bir qrup hərbi qulluqçusu Tehranda dövlət obyektlərini artilleriya atəşinə tutmağı planlaşdırıbmış. Hədəflərdən biri isə İranın ali rəhbəri ayətullah Əli Xameneinin iqamətgahı olub.
Qeyd edilib ki, sui-qəsdin üstü açılıb və həmin hərbi qulluqçular həbs ediliblər:
"Bu sənəd Ə.Xamenei ilə SEPAH-ın 45 yüksək rütbəli komandiri və din xadimi arasında yanvarın 3-də baş tutan görüşdən sonra hazırlanıb”.
İclasda bildirilib ki, etirazlar şəxsi heyət və kiçik zabitlərin mənəvi vəziyyətlərinə mənfi təsir göstərib: "Üstəlik, buna sıravi işçilərin əməkhaqlarının aşağı olması şərait yaradıb”.
Bundan başqa, hərbçilərin aksiyalar zamanı fərarilik etməsi, həmçinin etirazçılara qarşı zorakılığın tətbiqindən boyun qaçırması, onların nümayişçilərə yardım göstərməsi hallarının olduğu qeyd edilib: "Buna görə də SEPAH-ın çox sayda hərbçisinin ailə üzvləri, o cümlədən yüksək rütbəli zabitlər etirazlarda fəal iştirak edib və həbs ediliblər”.
İclas iştirakçıları Ə.Xameneidən SEPAH hərbçilərinin həbs edilmiş ailə üzvlərinə qarşı yumşaq davranılmasını, həmçinin SEPAH əməkdaşlarının həyat şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görməsini xahiş ediblər.