2022-ci ilin dünya çempionatı üçün PLAN AÇIQLANIB
08.11.2018
FIFA prezidenti Canni İnfantino futbol üzrə dünya çempionatının 48 komandanın iştirakı ilə keçirilməsinə dair mövqeyini şərh edib.
"The Times” nəşri xəbər verir ki, bu barədə fikirlərini FIFA-nın iqamətgahında jurnalistlərə açıqlayan C.İnfantinonun fikrincə, iştirakçıların sayının artmasına baxmayaraq, turnir 28 gün ərzində keçirilməlidir. O deyib: "Biz turnirin müddətini uzada bilmərik, çünki onda dünya çempionatının matçları paralel keçirilməlidir”.
Artıq 2026-cı ilin dünya çempionatına 48 komandanın cəlb olunması planı razılaşdırılıb, lakin İnfantino bu planı 2022-ci il üçün də reallaşdırmağa çalışır. Amma təqvimə, habelə bəzi matçların keçirilməsi üçün başqa ölkələrin cəlb olunmasına ehtiyac yarandığına görə onun buna nail olması şansı bir o qədər də yüksək deyildir.
Dünya çempionatının 48 iştirakçı ölkə formatı o deməkdir ki, oyunların sayı artaraq 80-nə çatacaq. Çempionatı 28 gün ərzində keçirmək üçün ayrı-ayrı günlərdə altı matçın keçirilməsi tələb olunur. Üstəlik, bir sıra pley-off oyunlarını da eyni vaxtda keçirmək lazım gələcək.
Qətərdə dünya çempionatı qızmar istilərə görə noyabr-dekabr aylarına keçirildiyinə görə FIFA Rusiyadakı dünya çempionatından fərqli olaraq bu turniri 4 gün qısaltmaq məcburiyyətində qalıb. Belə ki, həmin dövr Avropa liqaları üçün mövsümün ən qızğın çağıdır. Onlar güzəştə gedib öz noyabr təqvimindən FIFA-nın sərəncamına daha çox gün verməkdən israrla boyun qaçırırlar.
Şimali Amerikada ( Kanada və Meksika) keçiriləcək 2026-cı ilin futbol üzrə dünya çempionatında 34 gün ərzində 48 komanda iştirak edəcək. İnfantino bu iri formata dərhal keçmək istəyir, lakin 2022-ci il çempionatının genişləndirilməsi barədə qərar hələlik qəbul edilməyib. Buna baxmayaraq, İnfantino əmindir ki, iştirakçıların sayının artması bütövlükdə futbolun xeyrinədir.