Azərbaycanda elektromobillərin sayı kəskin artıb
16.03.2023
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 199,3 milyon ABŞ dolları dəyərində 13 939 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
"DM" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 58,9 % və 25,1 % çoxdur.
2 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 3 dəfə azalaraq 29 ədəd (1,726 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 25,3 % artaraq 12 951 ədəd (175,24 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 1 815-i (37,772 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 222-si (9,320 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Başqa sözlə, hibrid avtomobillərin idxalı ötən ilin eyni dövrünə nisbətən 10,7 % azalıb, elektromobillərin idxalı isə 3,9 dəfə artıb.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 30,4 % artaraq 871 ədəd (13,566 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 76 % artaraq 88 ədəd (8,787 milyon ABŞ dolları dəyərində) olub.