Daha bir səudi jurnalist öldürüldü - Vəhşicəsinə, işgəncələrlə
08.11.2018
Səudiyyə Ərəbistanında həbsxanalardan birində jurnalist və bloqer Turki bin Əbdül Əziz əl Casser dəhşətli işgəncələrə məruz qalandan sonra qətlə yetirilib.
"Dövran Media" Middle East Monitor-a istinadən bildirir ki, Əl Casser Twitter-dəki Kashkool mikrobloqunda Səudiyyə Ərəbistanını kral ailəsinin mənsubları və hakimiyyət üzvlərinin qanun pozuntuları, insan haqlarını pozmaları, korrupsiya və rüşvətxorluq faktları barədə məlumatlar yayırdı.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə sığınan Əl Casserin ünvanını Səudiyyənin təhlükəsizlik xidməti Twitter-in regional ofisində çalışan agenti vasitəsilə müəyyənləşdirib. Martda Dubayda tutulan jurnalist Səudiyyə Ərəbistanına aparılaraq həbsxanaya atılmışdı.
Əl Casserin tutulması üçün Dubaya göndərilmiş zabitlər Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salmanın sabiq müşaviri Səud əl Kəhtaninin rəhbərlik etdiyi "Sosial şəbəkələrdə və kiberməkanda təhlükəsizliyin təminatı" adlı xüsusi qrupun üzvləri idilər.
Əl Kəhtani Twitter-dəki akkauntunda paylaşdığı tvitlərdən birində yazmışdı: "Səudiyyə Ərəbistanını hakimiyyətinə düşmən olanlar sosial şəbəkələrdəki uydurma adlar altında gizlənə bilməyəcəklər".
Əl Casser ABŞ-a sığınmış səudi jurnalist Camal Həşoqqinin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasında qətlə yetirilməsindən bir ay sonra öldürülüb.
Oktyabrın 2-də konsulluq binasına daxil olmuş Haşoqqi qətlə yetiriləndən sonra onun cəsədi şaqqalanıb və tikələri kimyəvi turşuda həll olunub.