XİN: Dinc azərbaycanlıların Ermənistandan zorla köçürülməsi tarixi faktdır
15.03.2023
Baş nazir Nikol Paşinyanın bugünədək müxtəlif beynəlxalq platformalarda verdiyi vədlərdən və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıraraq həyata keçirdiyi anti-Azərbaycan kampaniyası, o cümləsən sülh sazişi üzrə danışıqları və beynəlxalq vasitəçilərin səylərini heçə endirən ritorikası Ermənistan üçün heç bir xeyirli gələcək vəd etmir.
"DM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin 14 mart 2023-cü il tarixində Ermənistanın baş naziri N. Paşinyan tərəfindən mətbuat konfransı zamanı səsləndirilmiş əsassız iddialarla bağlı yerli medianın sualına cavabında bildirib.
"Ermənistan baş nazirinin azərbaycanlıların indiki Ermənistan ərazisindəki torpaqlarından zor gücünə qovulması faktını inkar etməsi, Ermənistanın sistemli və məqsədyönlü şəkildə onilliklər ərzində həyata keçirdiyi etnik təmizləmə siyasətinə bəraət qazandırması niyyətindən xəbər verir.
Ermənistan ərazisində yaşayan dinc azərbaycanlıların fiziki məhvi, onlara qarşı qanlı qırğınlar törədilməsi, hədə-qorxu vasitəsilə əhalinin zorla köçürülməsi tarixi bir faktdır. Ermənistan tərəfinin təxribatçı iddialarına baxmayaraq, indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı zorakılığın və deportasiyanın miqyasına dair tam təsəvvürə malik olmaq üçün baş nazirin bölgədə azərbaycanlı və erməni əhalinin nisbətində hansı dəyişikliklər baş verdiyi ilə tanış olması kifayətdir. Yaxşı məlumdur ki, vaxtilə Ermənistanın indiki ərazisində faiz nisbətində say çoxluğuna malik olan azərbaycanlılardan heç bir əsər-əlamət qoyulmayıb, bu fəaliyyət mütəşəkkil və məqsədyönlü siyasətin tərkib hissəsi olub.
Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının Ermənistan rəhbərliyini bu istiqamətdə dialoqa çağırışına qarşı çıxması, bu hüquqların tələbinin "ərazi iddiası” kimi təqdim edilməsi Ermənistanın "insan hüquqları”na heç bir dəyər verməyən və "etnik təmizləmə əsasında monoetnik dövlət titulu”nu qorumaq üzrə məkrli siyasətinin bir göstəricisidir”, - Ayxan Hacızadə vurğulayıb.