DSMF Londonda mükafata layiq görülüb
15.03.2023
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti beynəlxalq mükafatla təltif edilib.
Fond mənzil-qərargahı London şəhərində (Böyük Britaniya) yerləşən "iESE – The Public Sector Transformation Partner” beynəlxalq qurumunun təşkil etdiyi "Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində qalib gələrək "Mükəmməllik Sertifikatı, 2023-cü il Qalibi” mükafatına layiq görülüb. DSMF bu müsabiqədə bir müsabiqə işi ilə iştirak edirdi.
Mükafatla yanaşı, dövlət xidmətlərinin göstərilməsi sahəsində mütərəqqi innovativ həll üsullarını ehtiva edən uğurlu müsabiqə işinə görə Fonda beynəlxalq təşkilat tərəfindən aprel ayında təşkil ediləcək və xarici iştirakçıların qatılacağı tədbirdə təqdimatla çıxış etmək imkanı yaradılıb.
Qeyd edək ki, ötən il də DSMF "2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” (Böyük Britaniya) ali mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının mükafatı və 2 Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı ilə təltif olunub.