Prezident : Əminəm ki, Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənəcək
14.03.2023
2023-cü il Azərbaycan-Türkiyə sarsılmaz birliyinin tarixində Türkiyə Respublikasının yaradılmasının və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlamətdardır. Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin "Bir millət iki dövlət” fəlsəfələri əsasında qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün bütün dünya üçün örnəkdir.
"DM" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına ünvanladığı müraciətdə deyilir.
"Əminəm ki, qardaş xalqlarımızın iradəsi ilə ən yüksək zirvədə qərarlaşmış Azərbaycan-Türkiyə münasibətləri yeni nailiyyətlərlə daha da möhkəmlənəcək, birgə fəaliyyətimiz beynəlxalq əhəmiyyətli təşəbbüsləri reallığa çevirərək Avrasiyada siyasi və iqtisadi əhəmiyyətli inteqrasiya prosesinə töhfə verəcəkdir”, - Prezident İlham Əliyev qeyd edib.