Avrasiya İqtisadiyyat Zirvəsində Prezident İlham Əliyevin müraciəti oxunub
14.03.2023
Azərbaycan Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması prosesində bundan sonra da Türkiyənin yanında olacaq.
"DM-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 26-cı Avrasiya İqtisadiyyat Zirvəsinə müraciətində deyilir.
Müraciəti Zirvədə iştirak edən energetika naziri Pərviz Şahbazov səsləndirib.
"Təəssüflər olsun ki, bu gün beynəlxalq münasibətləri tənzimləməli olan mexanizmlər zəifləmiş, beynəlxalq hüququn aliliyinə olan inam azalmışdır. Bu, yeni qlobal konfiqurasiya daxilində mümkün nizamın qorunmasında, qarşılıqlı əməkdaşlığın və dayanıqlı inkişaf mühitinin təmin olunmasında Türkiyə kimi nüfuzlu və öz qətiyyətli mövqeyi olan dövlətin rolu müstəsna önəm daşıyır”, - deyə müraciətdə qeyd olunub.
Prezidentin müraciətində, Azərbaycan və Türkiyənin iki qardaş dövlət olduğu, strateji müttəfiq ölkə olaraq regionda yeni reallıqlar yaratdıqları vurğulanıb.
"Birgə qərarlar, müştərək qlobal layihələr vasitəsilə Avrasiya məkanında sülhə, təhlükəsizliyə, əməkdaşlığa davamlı töhfələr verib. Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır. Ölkələrimiz, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi təminatında strateji rol oynayan etibarlı tərəfdaşlardır. 2023-cü il Azərbaycan-Türkiyə sarsılmaz birliyinin tarixində Türkiyə Respublikasının yaradılmasının və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlamətdardır”, - deyə əlavə olunub.
Azərbaycan-Türkiyə münasibətlərinin bütün dünyaya örnək olduğu da xatırladılıb: "Əminəm ki, qardaş xalqlarımızın iradəsi ilə ən yüksək zirvədə qərarlaşmış Azərbaycan-Türkiyə münasibətləri yeni nailiyyətlərlə daha da möhkəmlənəcək, birgə fəaliyyətimiz beynəlxalq əhəmiyyətli təşəbbüsləri reallığa çevirərək, Avrasiyada siyasi və iqtisadi əhəmiyyətli inteqrasiya prosesinə töhfə verəcək”.