FHN əhaliyə müraciət edib
14.03.2023
Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar təhlükəsizlik qaydalarına dair əhaliyə təkrar müraciət edib.
Müraciətdə deyilir:
"Xalqımızın sevimli Novruz bayramı bir sıra özünəməxsus mərasimlərlə, o cümlədən bayram tonqalları və açılan bayram süfrələrində şamların yandırılması ilə xarakterizə olunur. Lakin təəssüflə bildirməliyik ki, bəzən sadə yanğın təhlükəsizliyi qaydalarına etinasızlıq sonda arzuolunmaz nəticələrə, ağır fəsadlarla gətirib çıxarır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək Novruz bayramı ilə əlaqədar təşkil olunan mərasimlərdə zəruri yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasını tövsiyə edir. Belə ki, bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı, azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı və bayram süfrələrində yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!”
FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.