Yaponiya Koreyadan şikayət edəcək
08.11.2018
Yaponiya gəmi tikintisi üçün subsidiyaların ayrılması qaydalarını pozduğuna görə Koreya Respublikasından Dünya Ticarət Təşkilatına (DTT) şikayət edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı hökumətdəki etibarlı mənbələrə istinadla məlumat yayıb.
Yaponiya tərəfinin bəyan etdiyinə görə, Koreya Respublikası "Daewoo Shipbuilding & Marine Engineering” şirkətinə kömək məqsədilə ictimai fondlardan 10 milyard dollardan çox vəsait cəlb edib. Həmin vəsait şirkətə gəmi tikintisi üçün sifarişləri aşağı qiymətlərlə qəbul etməyə şərait yaradıb ki, bu da öz növbəsində bazara mənfi təsir göstərib.
İki ölkənin hökumətləri bu məsələni oktyabrda müzakirə etsələr də, vahid rəyə gələ bilməyiblər.
Yaponiya nümayəndələri bildiriblər ki, onlar məsələnin ikitərəfli qaydada müzakirəsinə başlamaq üçün formal addım olaraq DTT-nin mübahisələrin tənzimlənməsi qurumuna müraciət etmək niyyətindədirlər.
Yaponiya tərəfi DTT-yə şikayət edəcəyi təqdirdə, bu, Koreya Respublikası ilə aidiyyəti təşkilatın nəzarətində olan dördüncü məsələ olacaq.