21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

KOBİA və BP əməkdaşlığa başlayır

13.03.2023

Bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə BP şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

"DM"-nın məlumatına görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıb.

"Bakı KOB evi"ndə keçirilmiş tədbirdə qeyd edilib ki, memorandum çərçivəsində tərəflər sahibkarlığın dəstəklənməsini hədəfləyən layihələr üzrə əməkdaşlıq edəcək.

O.Məmmədov bildirib ki, KOBİA mikro və kiçik sahibkarlığın inkişafı və onların dəstəklənməsi istiqamətində regionlarda müxtəlif qurum və təşkilatlarla birgə layihələr həyata keçirir. Onun sözlərinə görə, BP ilə əməkdaşlıq çərçivəsində reallaşacaq layihələr də regionlarda yerli icmaların gəlirlilik səviyyəsinin artmasına müsbət təsir göstərəcək, yeni bizneslərin yaranmasına və özünüməşğulluğa töhfə verəcək: "Bu əməkdaşlıq çərçivəsi həm də təcrübə kimi digər layihələrin icrasında istifadə oluna bilər. İnanırıq ki, bp ilə birgə əməkdaşlığımız kiçik və orta sahibkarlığın inkişafına, onların fəaliyyətinin genişlənməsinə öz əhəmiyyətli töfhəsini verəcək".

B.Aslanbəyli isə bildirib ki, yeni anlaşma memorandumu imzalamaqla yerli bizneslərin inkişafını dəstəkləmək yönündə səylər davam etdiiriləcək: "Sahibkarlığın İnkişafı Proqramı layihəmiz yerli müəssisələrin potensialının artırılmasına çalışan bütün maraqlı tərəfləri bir araya toplamaqda uğurlu olub. Həqiqətən də, bu proqram yerli müəssisələrə beynəlxalq standartlara çatmaq və tədarük müqavilələri uğrunda rəqabət aparmaq üçün gözəl imkan yaradıb. İndi isə biz bu layihəni yekunlaşdırırıq və KOBİA ilə yeni birgə fəaliyyətə başlayırıq. Bu əməkdaşlıq vasitəsilə biz Sahibkarlığın İnkişafı Proqramının uğurunu daha da irəli aparmaq niyyətindəyik. Yerli sahibkarlığın inkişafına sərmayə qoyaraq son 15 il ərzində əldə etdiyimiz nəticələrlə qürur duyur və inanırıq ki, bu sahədə dəstəyimizi davam etdirmək üçün irəlidə yeni və daha maraqlı imkanlar açılacaq".

Tədbir çərçivəsində KOBİA və BP-nin dəstəyi ilə birgə həyata keçiriləcək iki yeni layihə barədə də məlumat verilib. Layihələrdən biri kənd yerlərində gənc sahibkarların inkişafına dəstək məqsədi daşıyır və Samux, Goranboy və Şəmkir rayonlarında həyata keçiriləcək. Layihə çərçivəsində aztəminatlı ailələrdən olan və sahibkarlığa maraq göstərən gənclər seçilərək onlara gələcək biznes fəaliyyətlərinə hazırlıq üçün təlim keçiləcək. Təlmləri uğurla başa vuracaq gənclərə kiçik bizneslərini qura bilmələri üçün lazımi avadanlıqlar veriləcək, onlara mentor dəstəyi göstəriləcək. Layihə "Kənd İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən icra olunacaq.

Digər layihə isə Tovuz rayonunda aqroturizmin inkişafına dəstək məqsədi daşıyır. Layihə bu rayondan seçilmiş aztəminatlı ailələr üçün gəlir və məşğulluq imkanları yaratmağı nəzərdə tutur. Layihə çərçivəsində aqroturizmlə məşğul olan yeddi sahibkarlıq subyektinin işçi heyəti üçün təlimlər keçiriləcək, mentorluq dəstəyi göstəriləcək və həmin müəssisələr avadanlıqlarla təchiz olunacaq. Bundan başqa, ehtiyac olduğu halda həmin sahibkarlıq obyektlərinin təmirinə də dəstək göstəriləcək. Layihə Regional İnkişaf İctimai Birliyi tərəfindən icra olunacaq.

Tədbirdə həmçinin "Ekvita" şirkətinin, "Kənd İnkişafına Dəstək" İctimai Birliyi və Regional İnkişaf İctimai Birliyinin nümayəndələri sözügedən layihələr barədə məlumat veriblər.