“Azercell” işğaldan azad edilmiş torpaqlarda 100-ə yaxın radio baza stansiyasını işə salıb
09.03.2023
İşğaldan azad edilmiş torpaqlarda ilk mobil infrastrukturu quran "Azercell Telekom” işğaldan azad olunmuş torpaqlarımızda 100-ə yaxın radio baza stansiyasını 2G/3G/4G standartları əsasında işə salıb.
"DM” xəbər verir ki, bu barədə "Azercell”in 2022-ci il üzrə hesabatında bildirilib.
Məlumata görə, şirkət baza stansiyalarını quraşdırmaqla Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, Xocavənd rayonuna aid bir çox kənd və ətraf ərazilərini mobil şəbəkəsi ilə təmin edib.
"Bu genişmiqyaslı layihənin növbəti mərhələsində isə mobil operator ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq etməklə "yaşıl enerji" rejiminə keçid edib. Belə ki, "Azercell” Qubadlıda və Cəbrayılda daha öncə dizel generatoru ilə çalışan baza stansiyaları günəş panelləri ilə təchiz edərək, ətraf mühitə buraxılan emissiyanın və enerji sərfiyyatının azalmasına imkan yaradıb. İşğaldan azad edilmiş torpaqlarda infrastrukturun inkişafına töhfə vermək məqsədilə "Azercell Telekom” bu sahədə növbəti əhəmiyyətli addım olaraq Şuşada "Azercell Eksklüziv” ofisinin açılışını edib, Zəngilanın Ağalı kəndində ilk rəsmi satış və xidmət məntəqəsini abunəçilərinin istifadəsinə verib”, - deyə məlumatda bildirilir.