ABŞ prezidenti məhkəmədə uduzub
09.03.2023
ABŞ Prezidenti Co Bayden administrasiyasının ölkəyə qeyri-qanuni yollarla daxil olan miqrantların azad edilməsini sürətləndirmək təcrübəsi qanunsuzdur.
Bu barədə Birləşmiş Ştatların Federal məhkəməsindən bəyan edilib.
Hakim T.Kent Ueaterellin sözlərinə görə, Bayden administrasiyası faktiki olaraq cənub-qərb sərhədini (ABŞ-Meksika) qum üzərində mənasız bir xəttə çevirib.
Florida baş prokuroru Eşli Mudi isə bugünkü qərarın Baydenin sərhəd böhranına görə məsuliyyət daşıdığını və dövlət başçısının qeyri-qanuni immiqrasiya siyasətinin bu ölkəni daha təhlükəli etdiyini təsdiqlədiyini bəyan edib.
KİV-də yayılan məlumata görə, ötən il sərhəd xidməti 572 mindən çox miqrantı şərti azadlığa buraxıb və bu, sərhəd xidməti məntəqələrinin işini xeyli sadələşdirib. Bu təcrübəyə əsasən, ABŞ-yə qeyri-qanuni daxil olan miqrantlar təyinat yerinə çatdıqda xüsusi izləmə bilərzikləri taxmaq və immiqrasiyada qeydiyyatdan keçmək şərti ilə azad edilirlər.
Qeyd edək ki, qeyri-qanuni miqrantlara qarşı səmərəsiz siyasətə görə ABŞ prezident administrasiyasına qarşı Florida qubernatoru Ron Desantisin qaldırdığı iddia üzrə məhkəmə prosesi yanvar ayında başlayıb.
Mənbə: TASS