Latviyanın sabiq prezidenti: “Bugünkü forum İlham Əliyevin dəstəyi olmadan baş tuta bilməzdi”
09.03.2023
"Artıq 10 ildir ki, bu forum keçirilir və ilbəil biz məmnunluqla görürük ki, onun inandırıcı qüvvəsi müxtəlifliyi və müstəsna keyfiyyətli təcrübəsi baxımından əhəmiyyətini artırır”.
"DM” xəbər verir ki, bunu Latviyanın keçmiş prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa "Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bugünkü forum Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi olmadan baş tuta bilməzdi:
"O, lap ilk günlərdən bizə öz dəstəyini verdi. Qlobal Bakı Forumu fikir mübadiləsinin aparılması baxımından çox əhəmiyyətlidir. Belə geniş auditoriya qarşısında çıxış etmək imkanının yaradılmasını əhəmiyyətli hesab edirik. Görürük ki, bu gün bütün dünya bu fikirlə razılaşa bilər ki, biz planetin istənilən yerində narahatlıq doğuran hadisələrin şahidiyik. Bu, istənilən region və ölkəyə aiddir. Narahatlıqlardan irəli gələrək istənilən yerdə üzə çıxan məsələlərə cavab verməliyik. Bu yolda birgə addımlamalı və bir-birimizə yardımçı olmalıyıq. Biz bir-birimizə qarşı olmalı deyilik”.