Özbəkistanda humanizm günü keçiriləcək
07.11.2018
Özbəkistandakı Din İşləri üzrə Komitə hər ayın birinci bazar gününü ölkədə humanizm günü kimi qeyd edəcək.
"Dövran Media" AzərTac-a istinadən xəbər verir ki, bu günlə bağlı komitə 250 gözdən əlilə Səudiyyə Ərəbistanında brayl əlifbası ilə çap edilən "Qurani-Kərim” bağışlayıb.
Komitədən bildiriblər ki, bundan əlavə gözdən əlillər üçün müxtəlif ədəbiyyat, brayl əlifbası ilə yazılan dini kitablar, audiokitablar buraxılması nəzərdə tutulur.
Digər kateqoriyadan olan məhdud imkanlı insanların internetdən istifadə edə bilməsi üçün də şərait yaradılacaq.
Məlumatda qeyd olunur ki, Özbəkistanda 23 min eşitmə və danışma problemi olan insan var. Ölkədə surdotərcüməçilərin sayı isə cəmi 50 nəfərdir. Gələcəkdə azı 300 belə tərcüməçi hazırlanması da nəzərdə tutulur, onlar məscidlərdə də fəaliyyət göstərəcək.
Bildirilir ki, bu sahədəki problemlərin qısa zamanda həlli üçün xüsusi plan da hazırlanıb.