"ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarının tərəfdarıdır"
07.03.2023
Martın 5-də Qarabağda ölümlə nəticələnən atışma ilə bağlı xəbərləri izləyirik.
"DM" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı bildirib.
Onun sözlərinə görə, sülhü təmin etməyin yeganə yolu danışıqlar masasına oturmaqdır: "İrəli getmək üçün yeganə yolun birbaşa dialoq və diplomatiya olduğunu diqqətə çatdırmaq üçün ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono regiondadır. Dövlət katibinin qeyd etdiyi kimi, ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarının tərəfdarıdır”.
Prays əlavə edib ki, sülh danışıqları prosesində ən yaxşı nəticə - Azərbaycanla Ermənistan arasında birbaşa dialoq və müzakirələrin davam etdirilməsi zərurətinin yaranmasıdır: "Bu, tərəflər üçün vacib şərtdir. Biz üçtərəfli qaydada xarici işlər nazirləri arasında, eləcə də liderlər səviyyəsində qarşılıqlı əlaqəni asanlaşdıraraq hər iki ölkə üçün tərəfdaş rolunu oynadıq. Biz davamlı sülhün qurulması səylərində, istər ikitərəfli, istər üçtərəfli, istərsə də çoxtərəfli qaydada tərəfdaşlığa davam etməyə hazırıq”.
O, Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycana son səfəri zamanı səsləndirdiyi "Qarabağ problemini həll etməyin ən yaxşı yolu Rusiyanın vasitəçilik səylərinə sadiq qalmasıdır” fikrinə də münasibət bildirib. Prays deyib ki, bu, Azərbaycan və Ermənistana aid olan məsələdir, ABŞ vasitəçiliklə bağlı hər hansı digər təklifə qarşı çıxmaq fikrində deyil, əslində ABŞ vasitəçi deyil: "Biz bu hər iki ölkənin tərəfdaşıyıq. Düşünürəm ki, biz iki ölkə ilə münasibətlərimizin xarakterini, iki ölkəni bir araya gətirməyə qadir olduğumuzu, Ermənistanla Azərbaycan arasında münasibətlərin gələcək inkişafına töhfə verməyə hazır olduğumuzu həm sözdə, həm də əməldə nümayiş etdirdik. Biz bunu Moskva ilə rəqabət aparmaq üçün etmirik. Biz bunu bu iki ölkə arasında uzun müddətdir davam edən münaqişənin və təəssüf ki, martın 5-də olduğu kimi mütəmadi olaraq insanların həyatını itirməsinə səbəb olan insidentlərin həllinə nail olmaq üçün edirik. Biz sülh və təhlükəsizlikdə maraqlıyıq. Bu, həm də Ermənistan və Azərbaycan xalqlarının maraqlarına uyğundur”.