İranda daha 6 nəfər ölüm cəzasına məhkum edilib
06.03.2023
İranın Əhvaz şəhərindəki İnqilab Məhkəməsi 6 nəfər ölüm cəzasına məhkum edib.
"DM" xəbər verir ki, bu barədə "Tasnim News" agentliyi bildirib.
Agentliyin verdiyi məlumata əsasən, həmin şəxslər "Bəsic” qüvvələrinin iki üzvünü, həmçinin bir polis və bir hərbçini öldürməkdə təqsirli biliniblər.
Barəsində ölüm hökmü çıxarılmış 6 nəfər "Əhvazın Azadlığı Uğrunda Ərəb Hərəkatının” üzvləridir.
Həmçinin əlavə olunub ki, təşkilat 1999-cu ildən İranın Xuzistan əyalətində fəaliyyət göstərir.
İranda həyata keçirilmiş bir sıra partlayışlardan, həm hərbi, həm də mülki hədəflərin atəşə tutulmasından sonra "Əhvazın Azadlığı Uğrunda Ərəb Hərəkatı” terror təşkilatı kimi tanınıb.
Onların məqsədi Xuzistan əyalətini İrandan ayrılaraq orada ərəb dövləti yaratmaqdır.
Hərəkatın baş qərargahı Danimarka və Niderlanddadır.