KİV: Avropa Komissiyası Ukraynaya artilleriya mərmiləri göndərməyə çağırış edib
06.03.2023
Avropa Komissiyası Ukraynaya silah-sursat alınması üçün 1 milyard avro ayırmaq niyyətindədir.
"DM" xəbər verir ki, bu barədə İspaniyanın "El Pais” nəşri məlumat dərc edib.
Nəşr qeyd edir ki, Brüsselin hazırladığı layihəyə əsasən, Ukraynaya hərbi yardım yollamaqla öz arsenallarının tükənməsindən narahat olan ölkələr tərəfindən göndəriləcək sursatların dəyərinin 90 faizə qədəri kompensasiya ediləcək.
Avropa Komissiyası üzv dövlətlərə çağırış edib ki, Kiyevə döyüş sursatı və xüsusən, 155 mm-lik uzaqmənzilli artilleriya mərmiləri göndərilsin.
Brüssel həmçinin Avropa İttifaqına daxil olmayan dövlətləri də bu sxema qoşulmağa dəvət etməyi planlaşdırır ki, bu da prosesi sürətləndirməyə və daha genişmiqyaslı etməyə hesablanıb.
Əlavə olunub ki, Ukraynada müharibə başlayandan Avropa Sülh Fondu xətti ilə Kiyevə 3,6 milyard avro dəyərində silah göndərilib.